Qətərdə keçirilən Dünya Çempionatında qrup mərhələsi yekunlaşır. Sürprizləri və sensasiyaları ilə yadda qalan mundial yenilikləri ilə də göz oxşayır.

Doğrudur, çempionatın spesifik ab-havası hamının ürəyincə deyil. Amma mundialın müəyyən yenilikləri ilə futbol tarixində təzə bir səhifə açdığını deyə bilərik.

Budəfəki Dünya Çempionatı ilk növbədə tarixin ən bahalı çempionatı kimi yadda qaldı. Qətər şeyxləri onun hazırlığına 200 milyard dollardan çox vəsait xərcləyiblər. Bu, 2018-ci ildə Rusiyada keçirilən yarışdan 10 dəfə çoxdur. Məhz bu səbəbdən mundialın mükafat fondu da xeyli yüksəkdir. Ümumi mükafat fondu 1 milyard dollar təşkil edir. Dünya çempionu olan komanda isə mükafat kimi 60 milyon dollar alacaq. Müqayisə üçün bildirək ki, 4 il əvvəl Rusiayadakı yarışın mükafat fondu 791 milyon dollar idi. Dünya çempionu olan Fransa millisi isə öz xəzinəsini 38 milyon dollar zənginləşdirmişdi.

Qətər mundialı texnoloji yeniliklərlə də zəngindir. Çempionatlar tarixində ilk dəfə olaraq burada ofsayd vəziyyətlərinin yarıavtomat şəkildə müəyyənləşdirməsi sistemi tətbiq olunur. Bu texnologiya artıq Klublararası Dünya Çempionatında sınaqdan keçirilib. Sistemdə hər futbolçunu xüsusi kamera ilə izləmə mexanizmindən istifadə olunur. Və oyunlar zamanı kameralardan gələn 3d görüntülər stadionların elektron tablolarında, eyni zamanda teleyayım zamanı nümayiş olunur. Bunun üçün hər bir stadionun eyvanında 12 xüsusi kamera yerləşdirilib.

Mundialda ilk dəfə olaraq azarkeş pasportu sistemi tətbiq olunur. Bu, hər bir azarkeşə verilən xüsusi kartlardır. Həmin kartda azarkeşlərin xüsusi identifikasiya nömrələri yerləşdirilib. Məlumatları aktivləşdirmək üçün isə xüsusi mobil tətbiqin yüklənməsi tələb olunur. Bu kartlar eyni zamanda azarkeşlərin Qətərə daxil olmaq icazəsidir. Kart sahibləri mundial vaxtı ictimai nəqliyyatdan pulsuz istifadə edir. Kart sahiblərinə 2023-cü il yanvarın 25-nə qədər Qətərdə qalmağa icazə də verilib. Dünya çempionatı vaxtı tıxacların qarşısını almaq üçün təşkilatçılar məktəblərin bağlı olacacağını, dövlət idarələrinin işçilərinin evdən onlayn şəkildə işlərini görə biləcəklərini bəyan edib.

Dünya Çempionatı vaxtı Qətərə 1 milyondan çox insan gəlib. Biletlərin qara bazarda satışını azarkeş kartları vasitəsilə aradan qaldırmaq mümkünləşib. Kartsız azarkeşlərin stadionun ətrafına belə yaxınlaşması mümkün deyil. Mundial vaxtı azarkeşlərin təhlükəsizliyi də ən yüksək səviyyədə təmin olunub.

Qətər dünyanın ən təhlükəsiz ölkələrindən biridir. Ölkədə cinayətkarlığın səviyyəsi çox aşağıdır. Qətərdə turistlərin otellərlə təmin olunmasını yaxşılaşdırmaq məqsədilə yerli hökumət sentyabr ayında xüsusi bronlama portalını istifadəyə verib. Burada otel, villa, kampus, hətta macəra həvəskarları səhrada xüsusi çadır belə sifariş edə bilirlər. Yaşayış yeri çatışmazlığının qarşısını almaq üçün hökumət yerli əhalinin evlərini icarəyə verməsinə də icazə verib.

Bu dəfə mundialda ilk dəfə olaraq qadın hakimlər də oyunların idarəçiliyində iştirak edir. Dünya çempionatı üçün Fransadan Stefani Fropar, Ruandadan Salima Mukansanqa, Yaponiyadan Yoşima Yumoşito sifariş olunub. Yan xətt hakimləri kimi isə Fransadan Neuza Bekk, Meksikadan Karen Dias Medina və ABŞ-dan Kartin Nezbitdi. Fropar dünən baş hakim kimi debüt etməklə mundiallar tarixinə düşə bildi. Ümumulikdə mundialda 36 baş hakim, 69 laysman və 24 VAR hakimi çalışır.

Qətərdəki mundial həm də tarixdə oyunun gedişində bir komandanın 5 əvəzetmədən istifadə etməsi ilə diqqət mərkəzinə düşdü. Doğrudur, pandemiya dövründə bu, klub futbolunda tətbiq olundu. Yenilik özünü doğrultduğundan bundan DÇ də öz payını aldı. Hətta reqlamentə əsasən, oyunun gedişində meydanda hanısısa bir oyunçu beyin silkələnməsindən meydanı tərk etsə, 6-cı əvəzetmə də reallaşa bilər. Buna da növbə çatdı və artıq ilk turda İran millisi İngiltərə ilə oyunda eyni səbəbdən 6 əvəzetməyə əl atdı.

Heyətlərdən söz düşmüşkən, buna qədər mundiuallarda komandalar 23 oyunçu sifariş edə bilirdisə, bu dəfə onların sayı 26-ya qalxdı.

Qətərdə keçirilən mundial bir məqamla da yadda qaldı. Bəli, tarixdə ilk dəfə mundial payız fəslində keçirildi. Təbii ki, bu da Qətərin iqlimi ilə əlaqədardır. Yay fəslində burada nəfəs almaq mümkün olmadığından FİFA sərin aylarda Dünya Çempionatının qapı-pəncərəsini açdı. Ölkə çempionatları bir aylıq tətilə çıxdı. Hələ ki, bu boşluqdan istifadə edib mundialın dadını çıxarırıq. 4 ildən sonra tarixdə ilk dəfə 3 ölkədə (Kanada, ABŞ və Meksika) keçiriləcək mundialda başqa yeniliklər də olacaq. Həyat dayanmır, inkişaf futbola da öz təsirini göstərir, yeniliklər zərururətə çevrilir.

AĞA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp