Bu gün Qətərdə keçiriıən dünya çempionatında qrup mərhələsinin oyunları başa çatır. 32 yığma kağız üzərində eyni hədəflər uğrunda mübarizə aparsa da, real gücə nəzər salsaq, hərənin bir vəzifəsi, maksimumu var.

Yığma komandaların uğur qazanmasında hər nə qədər futbolçular böyük rol oynasa da, nəticəyə məşqçilər cavabdehlik daşıyır. Amma o məşqçini həmin yerə təhkim edənlər də var. Məktəbdə şagirdlər öz müəllimlərini seçmədikləri kimi futbolçular da bir yerə yığışıb özləri üçün məşqçi tapmırlar. Ona görə də qəhrəman axtarışına çıxsaq, piramidanın ən üst pilləsində federasiya qərarlaşacaq.

Bu yazımızda ən üst pilləyə boylanmalı olacağıq. Milli federasiyalar hansl kriteriyalarla özlərinə məşqçi seçib və hansının strategiyası daha uğurlu olub? Təbii ki, dünya çempionatı başa çatmayana qədər konkret fikir bildirmək çətindir. Amma yenə də qrupdan çıxmaq minimum hədəfi yerinə yetirmək deməkdir.

Əlbəttə, futbolda uğur qazanmaq üçün heyət qədər məşqçi seçimi də önəmlidir.  Hərçənd məşqçi seçimi futbolçu ilə müqayisədə daha asandır. Çünkli komandaya ancaq yerli oyunçu gətirməlisənsə, millini əcnəbiyə də tapşıra bilərsən.

Bəs, Qətərdə keçirilən dünya çempionatında hansı tip komandalar yerli, hansı tip komandalar əcnəbi məşqçiyə tapşırılıb? Məlum məsələdir ki, dünya çempionluğu qazanan ölkələr əcnəbi məşqçilərə çox da güvənmir. Çünki dünya çempionu olubsa, deməli, ölkənin futbol ənənəsi var. Ənənəsi olan ölkə niyə əcnəbi məşqçiyə güvənsin ki?

Dünya çempionatında ən çox məşqçi ilə təmsil olunan ölkələr İspaniya, Argentina və Portuqaliyadır. Xüsusilə argentinalıların son mundiallarda çoxluq təşkil etməsi adi hala çevrilib. Bu ölkənin millisi Latın Amerikası ölkələrində ən uğurlu komandadır. Latın Amerikası deyəndə Braziliyanı istisna edirik. Braziliyadan başqa cənubdan yuxarı qalxıb ABŞ-a qədər məsafəni qət edəndə ancaq ispandilli ölkələrlə rastlaşırıq. Öz dillərində danışan məşqçiyə üstünlük vermək lazımdırsa, bu mənada Argentinadan olanlar daha yararlıdır. Həm də ki, həqiqətən bu ölkənin məşqçiləri regionun ən güclüsüdür.

Qətərdəki dünya çempionatında Argentina millisini ölkə futbolunun “məhsul”u olan Lionel Skaloninın çalışdırması normal haldır. Digər iki argentinalı isə Qustafo Alfaro ilə Xerardo Martinodur. Alfaro Ekvador yığmasını mundiala gətirmişdisə, Martino Meksika yığmasının “sükanı arxasında” əyləşmişdi. Amma Skalonidən fərqli digər iki argentinalı komandalarını pley-offa daşıya bilmədi. Hər ikisinin komandası son turda 1/8 finala vəsiqə şansını itirdi. Hərçənd Meksika ilə müqayisədə  Ekvadora son turda heç-heçə bəs edirdi. Amma Alfaronun komandası Seneqalla bacarmadı. Meksika isə Səudiyyə Ərəbistanını məğlub etsə də, daha bir qol vura bilməməsinin güdazına getdi. Beləliklə, iştirak etdiyi ardıcıl 7 mundialdan sonra “asteklər” qrupda qaldı.

Maraqlıdır ki, 2006-cı ildə də Meksika yığmasının baş məşqçisi Argentinadan olan mütəxəssis idi. Amma Martinodan fərqli, o vaxt Rikardo La Volpe şimali amerikalıları pley-offa daşıya bilmişdi.

Keçək mundialın ispaniyalı məşqçilərinə. Məlum məsələdir ki, İspaniya yığmasını da bu ölkənin vətəndaşı Luis Enrike çalışdırmalıdır. Digər iki mütəxəsiss isə Belçika ilə Qətər millilərini çalışdırıb. Söhbət Roberto Martiineslə Feliks Sançesdən gedir. Argentinalılar kimi ispanlar da ümidləri doğrultmayıb. Ötən mundialda Belçika yığmasına bürünc medal qazandıran Martines bu dəfə komandasını pley-offa daşıya bilmədi. Feliks Sançesin Qətəri isə mundiallar tarixinin ən zəif meydan sahibi kimi tarixə düşdü. Düzdü, Qətərdən çox şey gözləməyə dəyməzdi. Amma təşkilatçı ölkənin komandasının hər 3 oyunda uduzması da xoş mənzərə deyil.

Portuqaliyalı məşqçilərdə də oxşar vəziyyətdir. Fernandu Santuş öz ölkəsinin millisini 1/8 finala çıxara bilibsə, Paulu Bentu Cənubi Koreyaya, Karluş Keyruş İrana nicat verə bilməyib (düzdür, hələ koreyalıların möcüzə etmək şansı var). Burada bir maraqlı məqam da var ki, son turda Bentu komandasını öz həmyerlilərəniə qarşı oyuna köklədi. Karluş Keyruş isə İranı 1/8 finala çıxartmağa yaxın olsa da, amerikalılarla oyunda onlara sərf edən heç-heçəni qoruya bilmədilər.

Maraqlıdır ki, bugünə qədər artıq çempionatda iştirak edən 3 komandanın məşqçisi istefa verib. Onlar da yuxarıda adlarını çəkdiyimiz ölkələrin təmsilçiləridir. Söhbət Xerardo Martino, Roberto Martines və Karluş Keyruşdan gedir.

Çempionatda iki məşqçi ilə təmsil olunan ölkələr də var. Söhbət Fransa və İngiltərədən gedir. Elə onlarda da vəziyyət oxşardır. Didye Deşam fransızları pley-offa çıxartdısa, onun həmyerlisi Erve Renar Səudiyyə Ərəbistanına “gün ağlaya” bilmədi. Halbuki, ilk turda son 36 oyunda məğlub olmayan Argentina yığmasını məğlub etməklə iddialarını artırmışdılar. İngiltərədən isə Qaret Sautgeyt komandasını itkisiz pley-off sahilinə daşıya bildi. Amma onun həmyerlisi Con Herdmannın Kanadası qrupda keçirdiyi hər 3 oyunda uduzdu.

Mundilada bir ölkənin məşqçisi də var ki, onun komandası Qətərə gəlməmişdi. Amma özü Kosta Rika yığmasına gün ağlamalı idi. Luis Fernandes Suares Yaxın Şərqdə həm vətəni Kolumbiyanı, həm də Kosta Rikanı təmsil edirdi. İlk turda İspaniyaya darmadağın olduqdan sonra növbəti oyunda Yaponiya üzərində qələbə komandanın şansını qismən artırdı. Ancaq kosta rikalılar onun başçılığı altında Almaniya ilə oyunun gedişində hesabda öndə olsalar da, meydanı məğlub tərk etdilər.

Digər komandalar öz  məşqçiləri ilə mundiala qatılıb. Bu da o deməkdir ki, pley-offa çıxan yığmalar öz məşqçiləri ilə uğur qazanıb. Əlbəttə, bu, o demək deyil ki, uğur qazanmaq üçün yerli məşqçinin təyinatı zəruridir. Buna qədər Dünya Çempionatlarında dəfələrlə əcnəbilərin fayda verdiyini də görmüşük. Bu mənada məşqçinin milliyəti önəmli deyil. Əsas sistemin formalaşması, yerli futbolçulardan doğru istifadə etmək lazımdır. Bu mənada federasiyaların da üzərinə böyük yük düşür. Bununla belə əlahəzrət fakt göz çıxardır: ilk tapşırığı yerinə yetirənlər əcnəbi seşməyənlərdi.

CAVAD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp