Dünya Çempionatında son pley-offçular müəyyənləşir. Bu gün daha 2 qrupda oyunlar reallaşacaq və evə qayıdan 4 komandanın kimliyi bəlli olacaq.

Dünən Almaniyanın başına gələnləri nəzərə alsaq, yenə sürprizlər mümkündü. Xüsusilə hamının 1/8-ə çıxmağa şansının qaldığı H qrupunda maraqlı vəziyyət yaranıb.

6 xalla qrup lideri olan Portuqaliya özü öz işini həll edib. Bu komandanın yalnız liderliyi rəsmiləşdirməsi qalıb ki, bunun üçün uduzmaması yetərlidi. Komanda hətta uduzsa belə, Qananın ona çatmaq ehtimalı minimaldır. Mümkündür, amma bunun üçün oyunlarda anormal nəticələr qeydə alınmalıdı.

Əsas mübarizə 2-ci pillə uğrunda gedir. Hazırda 3 xalla bu mövqedə olan Qana Uruqvayı yensə, işi bitirir, məğlub olsa, evə qayıdır. Heç-heçə də afrikalılar üçün qəbulediləndir, bir halda ki, paralel keçiriləcək qarşılaşmada Portuqaliya uduzmasın. Cənubi Koreya qalib gəlsə və Qanayla xallar bərabərləşsə, top fərqi əsas götürüləcək.

Cənubi Koreya 1/8-ə çıxmaq üçün özü qalib gəlməli, Qananın xal itirməsini gözləməlidi. Belə olduqda Qana uduzarsa, qalib koreyalılar ən yaxşı 16 komanda arasında olacaq, afrikalılar xal bölərsə, top fərqinə baxılacaq.

Uruqvayın da işi çətindir. Cənubi amerikalılar mütləq qalib gəlməlidi ki, Qanadan önə keçsin. Amma onların bayram etməsi üçün koreyalılar da uduzmalıdır. Lider asiyalılara bir xal hədiyyə etsə, Uruqvay top fərqini düzəltmək üçün afrikalılara imkan daxilində çox qol vurmalıdır.

Hazırda Portuqaliyanın 6, Qananın 3, Cənubi Koreya ilə Uruqvayın 1 xalı var. Portuqaliyalılar top fərqində müsbət 3 saldoya malikdisə, Qananın vurub-buraxdığı qollar bərabərdi. Cənubi Koreya -1,Uruqvay -2 ilə son pillərdə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp