Laurentsiu Regekampfı əvvəlki məşqçilərdən bir şey fərqləndirir – çox hiyləgərdi. Əvvəlki baş məşqçilər havadan-sudan danışır, bəhanə axtarırdı, rumın baş məşqçi isə azarkeşlərin qılığına girir. “Utanıram” deməklə…

Utanmaq azdı, cənab Regekampf. Həm də bizdə el məsəli var: utananın oğlu olmur. Futbolda da yalnız utanmağı bacaranın qələbəsi olmur. Utanmaq yox, əsəbləşmək, dəlisov olub oturacaqları qırmaq, futbolçuları tənqid etmək lazımdı. Öz xarakterin necədirsə, komandan da elə olacaq. Utancaq məşqçinin komandası niyə qorxaq, böynubükük olmasın ki?

“Qarabağ”la dünənki oyun rəzalət idi. “Neftçi” zatən aylardı belə oynayır, bu dəfə rəqib güclü olduğu üçün səviyyə fərqi aşkar göründü. Əsas rəqibinlə qarşılaşmada bu qədər döyülürsənsə, dirəklərə dəyən zərbələrdən diksinirsənsə, qapıçı qurtarışlarına şükür edirsənsə, deməli, tarixi klubun özü də dəfn olunub, ruhu da.

Komanda zəif ola, rəqibdən geri qala bilər. Amma derbiyə çıxmısansa, döyüşməlisən, ustalıq səviyyəsi çatmayan yerdə ürəyini meydana qoymalısan. Utancaq Regekampf isə “Neftçi”ni gözüqıpıq məhəllə komandasına çevirib.

“Neftçi”nin heyəti zəifdi, çempionluq uğrunda mübarizə aparacaq səviyyədə deyil. Amma evində döyüləcək qədər bərbad da olmamalıdı. Oyunçu potensialı baxımından daha zəif “Zirə”nin xal aldığı, dünənin komandası “Sabah”ın büdrətdiyi, büdcəsi “Neftçi”nin 2-3 futbolçusunun maaşı qədər olan “Turan Tovuz”un sonadək dirəşdiyi komandaya derbidə 0:4 uduzmaq olmaz!

“Neftçi”də ən azı millinin liderləri, ölkəyə gəlmiş ən yaxşı legionerlərdən bir neçəsi var. Bu imkanlara malik komanda başıqapazlı uşaq kimi görünməməlidir. Laurentsiu bəlkə də yaxşı məşqçidir, ancaq bu xarakterin sahibi kişilərin döyüş meydanında qalib ola bilməz.

Oyunsonrası mətbuat konfransında Regekampf yenə vaxt istəyib. 6 aydı eyni sözləri təkrarlayan, heç nəyi dəyişə bilməyən adamın hiylələrinə aldanmaq olmaz. Qulağına qışda komandaya böyük büdcə ayrılacağı barədə xəbər çatıb, özünü xoş göstərmək, komanda üçün yox, özü üçün zaman qazanmaq istəyir. Qətiyyən olmaz. Klubun yeni rəhbərliyinin ilk işi elə bu məşqçini qovmaq olmalıdı. Laurentsiu komandaya ruh vermək əvəzinə, azarkeşlərə boş vəd verir. Yeni komanda qurmaq şansı xanımıyla saçyoldusuna çıxacaq qədər xaraktersizin birinə verilməməlidi.

Böyük oyunlarda heyət fərqi olmur, böyük oyunları böyük məşqçilər, utancaq sərkərdəsi olmayan şir ürəkli döyüşçülər qazanır. Regekampf ərəb ölkələrində milyonları həzm edən sıradan biridir. Şəxsən mənim bu məşqçiyə böyük ümidlərim var idi, təəssüf ki, yanıltdı, fərq yarada bilmədi.

“Neftçi”nin formasını meydana sər, bu çempionatda ilk “üçlüy”ə düşsün. Daha yaxşısını bacarmırsa, rumın məşqçi nəyə, kimə lazımdı? Həm də hamının “Qarabağ”ın hegemonluğunu qəbul etdiyi bir vaxtda… Heç kim çempionluq istəmir, zirvənin sahibinin məlum olduğunu anlayır, ondan yalnız yaxşı, ümidverən futbol tələb edir, o isə… utanır.

Turun açılış matçındakı darmadağından sonra azarkeşlərin klub prezidentini istefaya səsləməsi təsadüfi deyil. İllər keçir, oyunçular, məşqçilər dəyişir, sistemli, ildən-ilə inkişaf edən, avrokubokda hədəf böyüdən komanda gözə dəymir. Azarkeşlər nə etsin? Döymürlər, söymürlər, tribunaları dağıtmırlar, sadəcə, ürəklərini verdikləri komandadan qələbə də yox, normal futbol istəyirlər.

“Neftçi”nin Müşahidə Şurası dəyişdi, Çingiz Abdullayev işlədiyi dövrün hesabatını vermədən getdi. Yenilərin qarşılanması isə belə bərbad oyunla reallaşdı. Onlar da utandılar, məşqçi kimi dilə gətirə bilməsələr də çox pis utandılar. Görək qəzəbləri üzlərinə vuracaqmı, sifətləri əsəbdən qırmızı rəng alıb məşqçinin qovulmasına səbəb olacaq qırmızı vərəqəyə çevriləcəkmi? Qışda ayrılacağı gözlənilən milyonları hər klubda uzağı bir il işləməyi bacaran Regekampfa etibar etmək olmaz. Etsəz, sabah özünüz hədəfə gələcəksiz.

Qalanını daha özünüz bilərsiz.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp