“Səbail”in portuqaliyalı hücumçusu Kizito Luvaqanın futbolinfo.az saytına müsahibəsi

– Mövsümün əvvəlində “Səbail”ə keçmək variantınız necə yarandı, təklif gələndə nə düşündünüz?

– Təklif gələndə ötən mövsüm Azərbaycanda oynamış bir dostumla danışdım. Ondan ölkə və buradakı çempionat haqda soruşdum. Klubla şərtləri müzakirə edib, razılığa gəldikdən sonra “Səbail”ə keçdim. Klubu təmsil etmək üçün böyük nikbinliyim və həvəsim var.

– Bura gəlməzdən əvvəl Azərbaycan haqda nə bilirdiniz?

– Azərbaycan populyar ölkədir. Xüsusən də, Bakıda Formula-1 yarışı keçirilir ki, mən həmişə izləyirəm. Azərbaycan klublarından “Qarabağ” və “Neftçi” də tez-tez avrokuboklarda görünür. Bakının necə gözəl olduğunu həmişə eşidirdim. Təbii ki, gözlədiyim kimi oldu.

– Azərbaycana gələn əksər futbolçular çempionatda fiziki gücün üstün olduğunu deyirlər. Siz özünüz Premyer Liqanın hansı özəlliyini fərqləndirərdiniz?

– Bəli, fiziki cəhətdən güclü liqadır. Ancaq digər çempionatlarda olduğu kimi, burada da bunlar komandalardan asılıdır. Məsələn, bəzi klublar digərlərindən fiziki baxımdan daha yaxşıdırlar. Bu baxımdan fikrimcə, fərq liqada yox, komandalardadır.

– Portuqaliya, Rumıniya, Belarus, Qazaxıstan və İsrail kimi ölkələrdə çıxış etmisiniz. Azərbaycan futbolunu bu ölkələrin futbolu ilə necə müqayisə edə bilərsiniz?

– Bu ölkələrin hamısında Azərbaycandakı bəzi komandalarla eyni sistemdə oynayan komandalarla rastlaşa bilirsiniz. Təbii ki, bunun əksi də olur.

– Ölkə xaricindən bura gələn futbolçular ən çox tıxaclardan şikayətlənir. Bəs, sizi burada ən çox narazı salan nədir?

– Bəli, tıxacla bağlı problem doğrudu. Şəhərdə avtomobil sıxlığı çoxdur. Amma hər şey öyrəşmək və vaxtınızı yaxşı planlaşdırmaqdan asılıdır.

– “Səbail” yayda heyətini tamamilə dəyişdiyindən hər kəs komandanın iddialı olacağını gözləyirdi. Uğursuzluğun səbəbi nədir?

– Ötən mövsümdəki “Səbail”lə indikini müqayisə etməyəcəyəm. Çünki yayda gəlmişəm. Hansısa məqamda siz uğursuzluq sayırsınızsa, mən irəliləyiş görürəm. Fikrimcə, bu inkişaf da müəyyən prosesdən keçir.

– Əcnəbi futbolçular sanki uyğunlaşmaqda çətinlik çəkirlər. 4 aydan çoxdur vaxt keçib, hələ də uyğunlaşa bilməmisiniz?

– Mən hadisələrə bu şəkildə yanaşmıram. Hamımız fərqli komandalardan və fərqli oyun üslublarından gəlirik. Hər bir klubun öz taktikası var. Tam fərqli bir dilə sahib ölkəyə yollandıqda bir az vaxt tələb olunur. Bəzi şeylər düşündüyünüz kimi dərhal, asan əldə edilmir. Məşqçilər korpusu bunun üzərində çox çalışır. Şəxsən mən komandada inkişaf görürəm və bu irəliləyiş tezliklə gözəl nəticələr gətirəcək.

– Hücumçu olsanız da, “Səbail”də hələ qol vura bilməmisiniz. Öz performansınızı necə dəyərləndirərdiniz?

– Təəssüf ki, startda zədə aldım. Geri döndükdən sonra da sürətli uyğunlaşmanı çətinləşdirən amillər oldu. İnanıram ki, gələcəkdə daha yaxşı olacaq.

– İlk 3 turdan sonra əsas heyətdə az görünürsüz. Az oynamaq şansı əldə etdiyiniz üçün qış fasiləsində ayrılmağınız mümkündür?

– Dediyim kimi, ilk vaxtlar zədə aldım və qayıdandan sonra yenə şansımı gözləməli oldum. Baş məşqçinin qərarlarına həmişə hörmətlə yanaşdım. Bu həftə “Qəbələ” ilə çempionat matçımız var. Belə bir vəziyyətdə qış fasiləsi haqda necə düşünə bilərəm? Hazırda bütün istəyim növbəti oyunlarda “Səbail”in uğurlu nəticələrinə töhfə verməkdir. Çünki indi hər oyun finala bərabərdir.

– Vətəndaşı olduğunuz Portuqaliyanın yığma komandası Qətərdə keçirilən Dünya Çempionatının 1/8 finalında İsveçrə ilə qarşılaşacaq. Sevili komandanızın şanslarını necə görürsünüz?

– Turnir fantastikdir. Portuqaliya öz qrupunu birinci pillədə başa vurdu və artıq pley-offdadır. Ümid edirəm ki, dünya çempionu olana qədər komanda belə davam edər.

AĞA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp