İlanın yarpızdan zəhləsi gedir, o da gəlib yuvasının ağzında bitir. İsveçrə ilə Serbiya arasında münaqişə də bu qəbildəndir. Serbiya millisinin İsveçrə yığmasından zəhləsi gedir, o da son iki Dünya Çempionatında gəlib ona rəqib olur.

Amma dərindən araşdıranda məlum olur ki, İsveçrənin diplomotik səviyyədə Serbiya ilə heç bir ədavəti yoxdur. İsveçrə dünyada neytral dövlət kimi tanınır və Serbiya nədir, heç bir ölkə ilə münaqişə yaşamır. Təkcə, II Dünya müharibəsində faşist Almaniyasının məhz bu statusa görə İsveçrəyə girmədiyini yada salmaq kifayətdir.

Serbiya millisinin İsveçrə yığması ilə problemi onun heyətində əslən Kosovodan olan etnik albanların çıxış etməsi ilə əlaqədardır. Əslində, heç bu da problem deyil. Problem DÇ-2018-in Kalininqradda keçirilən oyununda İsveçrə millisinin üzvləri Xerdan Şakiri və Qranit Cakanın serbləri qıcıqlandırması ilə başladı. Mətləbə keçməzdən əvvəl, bu münaqişənin tarixçəsi ilə maraqlanaq.

2008-ci ildə Kosovonun Serbiyadan qopardılıb müstəqil dövlət elan edilməsi regionda münaqişə ocağını qismən yatırsa da, serblərin ürəyində nifaq toxumunu cücərtdi. Məsələ ondadır ki, etnik albanlar yaşayan Kosovo bölgəsi həmişə serblər üçün həssas ərazi olub. Ümumiyyətlə, bu ərazi serblərin tarix boyu ən müqəddəs məkanlarından biri sayılıb. Bizim üçün Təbrizin nə qədər böyük əhəmiyyəti varsa, serblər də bu torpaqlara qəhrəmanlıq tarixi yazılan yer kimi baxır.

rueefaa364d94 - Futbolinfo.az

Belə ki, 1389-cu ildə məhz Kosovo çöllərində serblərlə bosniyalılar Osmanlı ordusuna qarşı döyüşüb. Serblərin rəhbəri və sərkərdəsi Lazar Xreblyanoviçin bu döyüşdə öldürülməsi və məğlubiyyət xalqın tarixinə qara gün kimi düşüb. Həmin vaxtdan bəri Xreblyanoviç serblərin milli qəhrəmanına çevrilib. Hətta serb pravoslav kilsəsi ona müqəddəs statusu da verib. Serb nasionalizmində də Kosovo döyüşü xüsusi “boya ilə təsvir olunur” və qisas çağırışı kimi qələmə verilir. Hətta Yuqoslaviyanın sabiq prezidenti Slobodan Miloşeviç 1989-cu ildə məşhur çıxışını məhz Kosovoda edib. Srerbiyalı futbol fanatları isə alban klubları ilə oyunda milli qəhrəman Lazar Xreblyanoviçin porterini tribunalardan asır.

İş burasındadır ki, həmin tarixi döyüşün getdiyi yerin sakinləri, yəni Kosovonun etnik albanları serblərlə razılaşmır. Onlar bu məsələdə türklərlə həmrəydir və həmin ərazinin, əslində, serblərə məxsus olmadığını iddia edir. Onlar bu ərazilərin “Böyük Albaniya”nın bir parçası olması qənaətindədir.  Hətta 2014-cü ildə Serbiya ilə Albaniya arasındakı oyunda stadionun üzərində Serbiya və Kosovo da daxil olmaqla xəyali Böyük Albaniya ərazisinin xəritəsini daşıyan dron uçmuşdu. Nəticədə bu oyunçular arasında çaxnaşmaya səbəb olmuş və matç yarımçıq dayandırılmışdı.

Amma bir məsələ də var ki, bu münaqişənin qızışdırılmasında Albaniya vətəndaşları elə də maraqlı deyil.  Kosovoda doğulanlar serblərə acıq vermək üçün həmişə belə təxribatlara əl atır. Sonradan məlum oldu ki, Serbiya ilə Albaniya arasında bu təxribatı da elə kosovolular hazırlayıb.

İş o yerə çatıb ki, bu münaqişənin qığılcımları artıq Avropanın ən sülhsevər ölkəsi kimi tanınan İsveçrəyə də düşüb. Yaxşı, niyə məhz İsveçrə? Əslində, elə süddən çıxan ağ qaşıq olan İsveçrənin içinə bu qara ləkənin düşməsi üçün münbit şərait yetişmişdi.  Çünki 1965-ci ildə Yuqoslaviya ilə İsveçrə arasında iqtisadi və ticari əməkdaşlıqla bağlı müqavilə imzalandı. Razılaşmaya əsasən, Yuqoslaviyadan olan yüksək ixtisaslı işçi qüvvəsi İsveçrəyə köçərək bu ölkənin quruculuq işlərində böyük rol oynamalı idi. Amma 1980-ci ildə Yuqoslaviyanın rəhbəri İosif Brizo Titonun ölümündən sonra ölkədə etnik millətçilik dözülməz həddə çatdı. Bir neçə il ərzində xalqlar arasında ədavət müharibə ocağının yaranmasına səbəb oldu. Yuqoslaviyanın dağılmasını şərtləndirən müharibə baş verincə, Kosovo albanları canlarını xilas etmək üçün ən təhlükəsiz ölkə olan İsveçrəyə köçməli oldu. Bu axın o qədər geniş vüsət aldlı ki, artıq İsveçrə əhalisinin böyük etnik qüvvələrindən biri də keçmiş Yuqoslaviya məkanın sakinləridir.

Əlbəttə, onların arasında albanlarla yanaşı serblər, xorvatlar, bosniyalılar və makedoniyaılar da var. Amma albanlar lobbiçilk planında digərlərindən fərqlənir. Təsadüfi deyil ki, 1980-ci ildə İsveçrə əhalisinin 5 faizini yuqoslaviyalılar təşkil edirdisə, 2000-ci illərdə bu rəqəm 25 faiziə qədər yüksəlib. Doğrudur, İsveçrə höküməti miqrasiya qanunlarını sərtləşdirməyi bacararaq müəyyən mənada ziyanın yarısından qayıtmağa nail olub. Amma artıq bu ölkədə məskunlaşan və sürətli şəkildə artan albanların mütəşəkkiliyinə heç bir maneçilik törədə bilmirlər.

Əslində, İsveçrəyə dünyanın, xüsəsən də Avropanın geridə qalmış ölkələrin hər birindən axın olub. Sadəcə, albanların bu ölkə üçün təhlükəsi narkotik maddələrin ticarəti ilə əlaqədardır. Əlbəttə, ölkədə sərt qanunlara görə albanlar çox da “nəfəs ala bilmir”, amma irqçi və etnik millətçilik zəminində ara-sıra müəyyən hoqqalardan çıxırlar. 2015-ci ildə İsveçrənin Federal Departamentinin açıqladığı hesabatda albanlar irqçilik zəminində yalnız şimali afrikalılar və qaradərililərdən sonra ən çox irqçilik edən cəmiyyət kimi qeydə alınıb.

Təbii ki, bütün bunlar İsveçrə millisinə də təsir göstərməyə bilməzdi.  Təsəvvür edin ki, 2016-cı ildə keçirilən İsveçrə – Albaniya oyununda meydanda olan futbolçuların “demoqrafik pasportu” göz oxşayırdı. Belə ki, İsveçrə millisinin heyətində 6 albaniyalı futbolçu yer almışdı. Bütün bunların fonunda Xerdan Şakiri ilə Qranit Cakanın DÇ-2018-də İsveçrə ilə oyunda serbləri qıcıqlandıran işarələr etməsi, alban rəmzlərini öz butslarına əks etdirməsi adamı təəccübləndirməyə bilməz.

Həmin oyundan sonra tarixdə ilk dəfə İsveçrə ilə Serbiya arasında münasibətlər gərginləşdi. 1965-ci ildə imzalanan müqavilə ilə qurulan dostluq əlaqələri sarsılmağa başladı. Hərçənd İsveçrə höküməti təxribata yol açan futbolçuları da tənbeh etdi. Hətta İsveçrə millisinin baş məşqçisi Vladimir Petkoviç də əslən Kosovodan olan futbolçularını qınadı. Bir müddət sonra hətta evdə alban dilində danışdığını etiraf edən Şakiri hərəkətlərində emosionallığa yol verdiyini etiraf etdi. Caka isə vaxtilə atasının Yuqoslaviyada siyasi məhbus olduğunu əsas gətirərək emosiyalarına hakim olmadığnı dilə gətirdi.

ruedf390c43f7 - Futbolinfo.az

Bəli, bütün bu yaşananlar etnik millətçiliyin heç kimin başını uca etmədiyini və milyonların sevimli oyununa belə kin toxumu səpdiyini göstərir. Əlbəttə, serblər də yuxarıda qeyd etdiyimiz kimi süddən çıxan ağ qaşıq olmayıblar. Amma serblərə nifrət edəsi xalq varsa, birinci bosniyalılar olmaıldır. Məsələn, Srebrenitsa qətliamında 25083 bosniyalının həyatını itirməsi fonunda bu gün iki millət arasında ədavət səngiyib. Amma Kosovo müstəqil dövlətə çevrilsə də, hələ münaqişəni böyüdür. Müsbət məqam kimi, onu bildirə bilərik ki, Şakiri Qətərdə Serbiyanın qapısına yol tapdıqdan sonra daha təxribata əl atmadı. Buna da şükür…

ABBAS

P.S.: Yeri gəlmişkən, Şakiri ərəb dilində şükr edən deməkdir. Hiss olunur ki, özünə gəlib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp