“Oyuna yaxşı hazırlaşmışdıq. Bilirdik ki, çətin olacaq” – bunu futbolinfo.az-a açıqlamasında “Qəbələ”nin hücumçusu Ülvi İsgəndərov deyib.

O, Misli Premyer Liqasının 16-cı turunda “Səbail”ə 2:1 hesabı ilə qalib gəldikləri matçdan danışıb: “Premyer Liqada bütün oyunlar çətindir. Erkən qol buraxdıq, amma komanda toparlanıb qalib gəldi”.

İsgəndərov “vacib qollar vurmağına baxmayaraq, əsas heyətdə özünə yer edə bilmirsən, səbəb nədir” sualına belə cavab verib: “Hər bir futbolçu daim oynamaq istəyir. Mən də həmçinin meydanda olmağa çalışıram. Bu, məşqçilərin verdiyi qərardır və hörmətlə yanaşıram. Əlbəttə ki, haqqımda deyilən xoş sözlər adama daha çox motivasiya verir”.

Forvard ehtiyatdan meydana çıxıb vacib qollar vurmasından sonra Türkiyə millisinin və “Fənərbaxça”nın sabiq forvardı Semih Şentürkə bənzədilməsinə bu cür münasibət bildirib: “Semih Şentürk adlı-sanlı futbolçulardan biridir. Ona bənzədilməyim xoşdur. Semih kimi karyeraya sahib olmaq istəyərəm”.

Əyalət klubunun oyunçusu “Qarabağ”la Azərbaycan kubokunun ¼ final mərhələsində  və Premyer Liqada qarşılaşacaqları 3 oyundan söz açıb: “Qarabağ”ın gücünü hər kəs bilir, bu, aydındır. Bizi 3 ağır oyun gözləyir. Komanda olaraq əlimizdən gələni edəcəyik. 3 dəfə qarşılaşmaq isə yorucu deyil. Mən deyərdim ki, bu, yaxşı haldır. İnkişaf etmək üçün belə oyunlar tez-tez keçirmək lazımdır”.

Xatırladaq ki, Ülvi sonradan meydana daxil olaraq “Qələbə”yə qələbə qazandırması ilə seçilir. Son turda o, yenə bunu bacardı. “Səbail”lə görüşdə hesab 1:1 olarkən meydana daxil olan İsgəndərov qələbə qolunu vurdu.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp