Misli Premyer Liqasının son turunda “Zirə” “Turan Tovuz” üzərində 2:1 hesablı qələbə qazandı. Bu nəticə kubok matçları öncəsi “qartallar”ın 4-cü pillədə qalmasını təmin etdi.

Qəsəbə təmsilçisinin yarımmüdafiəçisi qələbədən danışıb. Futbolinfo.az-a açıqlama verən belçikalı futbolçu komandasının 3 xala layiq olduğunu bildirib: “Çox yaxşı oyun keçirdik. Oyuna nəzarət bizim əlimizdə idi. Topla daha yaxşı oynayırdıq və qol epizodları yaradırdıq. Səbr etdik, nəhayət, 75-ci dəqiqədə qolumuzu vurduq. Hansı ki, buna layiq idik. Hesabı açdıqdan sonra da yaxşı oyunumuzu davam etdirdik. Bütün komanda bu vacib oyuna fokuslanmışdı. Hər kəs yüksək əhval-ruhiyyədə, yaxşı futbol oynadı. Oyunumuzdan həzz aldıq. Düşünürəm ki, oyundan-oyuna daha yaxşı çıxış etməyə başlayırıq. Bu, bizim üçün gözəl qələbə oldu”.

Broqno Azərbaycan kubokunun 1/4 final mərhələsində “Neftçi”yə qarşı keçirəcəkləri matçlardan da söz açıb: “Neftçi”ni yaxşı tanıyırıq, onlar yüksək keyfiyyətə malik komandadır. Hər şey mümkündür, çünki 2 oyun keçirəcəyik. Biz rəqibi analiz edəcəyik və mərhələ keçmək üçün meydanda var gücümüzlə oynayacağıq. Əlbəttə ki, “Neftçi” səddini keçə bilərik. Hədəfimiz Azərbaycan kubokunu qazanmaqdır. Son mövsümdəki kimi finala çıxmaq istəyirik. Ötən mövsüm “Neftçi”ni kubokdan kənarlaşdırmışdıq. Niyə yenə bu nəticə təkrarlanmasın?”

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp