“Yuventus”un başının üstünü yenə qara buludlar alıb. Turin klubu maliyyə fırıldaqlarına görə B Seriyasına düşmək riski ilə üz-üzədir.

Futbolinfo.az xəbər verir ki, bu barədə idman hüququ üzrə ekspert Mattia Qrassani məlumat verib: “Bu, “Yuventus”un indiyə qədər məruz qaldığı ən ciddi istintaqdır. Qeyri-qanuni fəaliyyətlər fond bazarı qaydaları ilə yanaşı, korporativ və idman qaydalarını da əhatə edir. Bu, görünməmiş haldır. “Yuventus” təkcə cərimə və cəza riski ilə üzləşməyəcək. Qanuna görə, komandanı A Seriyasından xaric etmək mümkündür. Qaydalar göstərir ki, əgər çempionata qeydiyyat sənədlərdə dəyişikliklər, 2021/2022 mövsümündə oyunçulara görə ödənişlərin təxirə salınması ilə bağlı özəl razılaşmalar və ya hətta uydurma imtina yolu ilə əldə edilirsə, klub çempionatdan kənarlaşdırıla və İtaliya çempionu titulunu itirə bilər”.

Turin klubunun gizli şəkildə 17 futbolçuya təxminən 60 milyon avro ödədiyi bildirilir. Bu məsələnin üstü açıldıqdan sonra isə vəziyyət gərginləşib. Ötən ayın sonunda prezident Andrea Anyelli və onun müavini Pavel Nedvedin yer aldığı rəhbərlik tələsik istefa versə də, bu, klub üzərində şübhələri azaltmayıb. Əksinə, klub indi daha çox diqqət mərkəzindədi.

Xatırladaq ki, daha öncə də “Yuventus” daha öncə də belə aqibətlə üzləşmiş, klub B Seriyasına göndərilmişdi. İtaliyada maliyyə məsələlərinə həssas yanaşılır və klublara fərq qoyulmur.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp