“Oyun bizim üçün elə də yaxşı keçmədi. Rəqib boşluq vermirdi, belədə istədiyimiz oyunu sərgiləməkdə çətinlik çəkirdik” – bunu futbolinfo.az-a açıqlamasında “Sabah”ın futbolçusu Con İrasabal deyib.

26 yaşlı müdafiəçi Misli Premyer Liqasının 16-cı turunda “Şamaxı ilə 1:1 hesablı heç-heçə etdikləri matçdan danışıb: “Bundan əlavə, əvvəlki oyunlardakı kimi rəqibə yüksək təzyiq göstərə bilmədik. Buna baxmayaraq, meydanda üstün tərəf biz idik. Çoxlu qol fürsətlərimiz olsa da, yararlanmağı bacarmadıq. Arxayın deyildik. Lakin bu matç göstərdi ki, hər oyunda maksimumumuzu qoymalıyıq. Ən yüksək səviyyəli oyunumuzu sərgiləməsək, xal itkiləri qaçılmaz olacaq”.

İspaniyalı futbolçu “Səbail”ə qarşı keçirəcəkləri kubok matçlarından da söz açıb: “Çətin oyunlar olacaq. Rəqib də bizim kimi mərhələ adlamaq istəyir. Əlimizdən gələni edəcəyik ki, növbəti mərhələyə vəsiqə qazanaq”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp