“Qəbələ”nin braziliyalı yarımmüdafiəçisi Felipe Santosun futbolinfo.az saytına müsahibəsi

– Premyer Liqanın 16-cı turunda “Səbail”lə oyunda əzmkar qələbə qazandınız (2:1). Erkən top buraxdığınız görüşdə uğursuz start nə ilə əlaqədar idi?

– Matçın yarısından çoxunda meydana çökmüş qatı duman üzündən topu və futbolçuların üzlərini görmək mümkün deyildi. Mən belə bir oyun görməmişdim. Startda da qapımızdan qol buraxdıq. Ancaq toparlanmağı bacardıq. Bizə lazım olan tək şey qələbə qazanmaq idi, bunu da əldə etdik.

– Artıq 5-ci dəqiqədə qol buraxsanız da, sanki futbolçularda qələbəyə arxayınlıq var idi. Komanda daxilində heç təşviş yaşanmadı?

– Çox balanslı, təcrübəli komandamız var. Futbolçularımız yüksək keyfiyyətə malikdir. Buna görə də hansısa təşvişdən söhbət gedə bilməz. Saysız-hesabsız şanslar yaratdıq. Belədə də mütləq qollar vurmalı idik.

– Mövsümün geridə qalan 16 turunu dəyərləndirsəniz, çıxışınıza necə qiymət verərdiniz?

– Layiq olmadığımız şəkildə bir çox oyunlarda xallar itirdik. Halbuki həmin matçlarda qələbə qazanmalı idik. Buna görə də hazırda turnir cədvəlinin 5-ci pilləsində qərarlaşmışıq. Mövsümün bundan sonrakı dönəmində maksimum xallar toplamaq üçün əlimizdən gələni edəcəyik.

– Görünən odur ki, “Qəbələ” ilə “Zirə” əsasən 4-cü yer uğrunda mübarizə aparacaq. Bu yarışdan qalib ayrılmaq şansınızı necə görürsünüz?

– Bəli, indiki vəziyyətdə görünən mənzərə budur. “Zirə” bizi cəmi 2 xal qabaqlayır. Onların daha da uzaqlaşmasına imkan verə bilmərik. Şəxsən mən avrokuboklara vəsiqə qazanacağımıza əminəm.

– Həm Azərbaycan kubokunun 1/4 final mərhələsində, həm də çempionatda “Qarabağ”la oynayacaq, ardıcıl 3 oyun keçirəcəksiniz. Bu görüşlərdə nəyə ümid edirsiniz?

– Bizim üçün daha çətin oyunlar olacaq. Çünki “Qarabağ”ın çox güclü iki heyəti var. Bu rəqibi məğlub etmək üçün meydanda mükəmməl olmalıyıq. Futbolda hər şey mümkündür. Rəqib nə qədər güclü olur-olsun, təslim olmaq fikrində deyilik.

– “Qarabağ” kimi rəqiblə ardıcıl matçlarda üz-üzə gəlmək komandaya psixoloji təsir edə bilərmi?

– Karyeram ərzində eyni rəqibə qarşı ardıcıl üç oyun keçirməklə heç vaxt rastlaşmamışam. Ümumiyyətlə, belə bir şey görməmişəm. Təbii ki, bu amil işimizi çox çətinləşdirəcək. Psixoloji hazırlığın yerində olması önəmlidir. Layiqli mübarizə aparmaq üçün daha çox hazırlaşacağıq.

CAVAD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp