“Qarabağ”ın fransalı yarımmüdafiəçisi Abdullah Zubir futbolinfo.az saytına müsahibə verib. O, “Neftçi” ilə son oyundan, həmçinin Premyer Liqadakı mübarizədən danışıb. Legioner futbolçu “Gent”lə qarşıdakı oyunlar barədə fikirlərini də bölüşüb.

– Son oyunda “Neftçi” üzərində 4:0 hesablı qələbə qazandınız. Belə fərqli hesablı qalibiyyəti gözləyirdiniz?

– Etiraf edim ki, “Neftçi”yə qarşı oynamaq həmişə çətindir. Hesab sizi aldatmasın, ağır matç keçdi. Rəqib pis təsir bağışlamadı. Sadəcə, məsələ budur ki, biz öz oyunumuzu ortaya qoya bildik. Həm də “Neftçi” ilə müqayisədə yaratdığımı qol şanslarından istifadə etdik. Buna görə də fərqli hesab qeydə alındı.

– Ümumiyyətlə, “Qarabağ” sanki güclü komandalarla oyuna həddən çox konsentrasiya olur və bu, rəqiblərinizin böyükhesablı məğlubiyyətinə gətirib çıxarır. “Zirə” üzərində 7:1, “Neftçi” üzərində 4:0 hesablı qələbə. Bununla razılaşırsız?

– Bununla razılaşmıram. Biz bütün rəqiblərə qarşı eyni motivasiya ilə meydana çıxırıq. Hesablar böyük ola bilər, lakin rəqiblər bizə qarşı meydanda daha sıx oynayırlar və bu, çətinlik yaradır. Belə qələbələr bəzən alınır, bəzən yox.

– Bu fikir çox səslənsə də, getdikcə daha çox təsdiqini tapır ki, Azərbaycan çempionatında sizə müqavimət göstərəcək komanda yoxdur. Sizə də elə gəlmir?

– Belə olduğunu düşünmürəm. Bəzən gözlənilməyən anda gözlənilməz komanda ilə matçda xal itirərsən. Bu, futboldur və belə halların baş verməsi normaldır. Bəzən böyükhesablı nəticələr qeydə alınır deyə, yanlış düşüncə yaranır, hamı düşünür ki, “Qarabağ” rəqiblərini asanlıqla məğlub edir. Əslində, belə deyil. Oyunları diqqətlə analiz etsəniz, görərsiniz ki, nə qədər çətin anlar olur.

– Komanda nə qədər çempionatda oynasa da, azarkeşlərin bir gözü Konfrans Liqasında qalıb. Belçika “Gent”ini münasib rəqib sayırsız?

– Asan rəqib saymaq olmaz. Çünki onlar Belçika çempionatında oynayırlar. Avrokuboklara təsadüfən çıxmayıblar. Onlar həmişə Avropa meydanlarında yaxşı təsir bağışlayıblar. Özəlliklə bu mövsüm onlar fərqli çxış edirlər və özlərini yaxşı tərəfdən göstərirlər. İlk oyunumuz Bakıdadır və ümid edirəm ki, evdə lazım olan nəticəni qazanacağıq. Hələ ki, bu matça çox var. Rəqibi analiz edəcəyik, daha yaxından tanıyacağıq. Bir sözlə, bizi asan oyun gözləmir.

– Ötən mövsüm pley-offda bəxtinizə güclü “Marsel” düşmüşdü. Bu dəfə vəziyyət fərqlidir. “Qarabağ” bu dəfə daha böyük tarix yaza bilər?

– Əlbəttə ki, “Marsel”lə “Gent”i müqayisə etsək, fransızlar daha güclü və üstün komandadır. Lakin bu rəqib də asan deyil. Belçikalılar sadəcə, “Marsel”lə müqayisədə daha əlverişli rəqibdir.

– Ölkə kubokunda “Qəbələ” ilə iki matçda üz-üzə gələcəksiniz. Favoritsiniz və böyük ehtimalla mərhələ keçəcəksiniz. Bununla yanaşı, çempionatda da onlarla oynayacaqsız. Eyni rəqiblə ardıcıl 3 oyuna motivasiya ola biləcəksiz, yoxsa bu cür oynamaq çətin olacaq?

– Etiraf edim ki, asan deyil. Təxminən 10 gün ərzində eyni rəqiblə 3 dəfə üz-üzə gələcəyik. Bu, təkcə bizim üçün yox, qarşı tərəf üçün də rahat olmayacaq. Amma neyləmək olar? Qrafik bu cürdür və biz çıxıb oyunumuzu oynamalıyıq. Əlimizdən gələni edib yaxşı nəticə qazanmaq istəyirik.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp