“Araz-Naxçıvan” Futbol Akademiyasının koordinatoru Adil Şükürovun futbolinfo.az saytına müsahibəsi

– Artıq yarım ildir “Araz-Naxçıvan” Futbol Akademiyasında çalışırsınız. Bu müddətdə hansı işlər görülüb?

– İlk gündən əsas fikrimiz komandaların formalaşması olub. Bugünə qədər burada çempionat keçirilməyib. Çempionatı bərpa etmək istəyirik. Hələ ki, sənədləşdirmə işləri ilə məşğuluq. Düzü, proseslər ağır gedir. Burada təkcə “Araz-Naxçıvan” olaraq fəaliyyət göstərmirik. Naxçıvan Futbol Federasiyasının tərkibində işləyirik. Elə rayonlar var ki, onların komandalarını keçirmək istədiyimiz çempionata cəlb edə bilmirik. Maliyyə ilə bağlı problemlər mövcuddur. Bura məşqçilərin əməkhaqqılarından tutmuş bir çox məsələlər aiddir. İl ərzində AFFA tərəfindən cəmi bir ay və ya 20 gün çempionat keçirilib. Martda gəlib, olimpiya sistemi ilə bir aylıq yarış təşkil ediblər. Buranın qalibləri də gedib Bakıdakı final mərhələsində uduzaraq geri qayıdıb. İndi əsas məqsədimiz komandaları formalaşdırmaq və çempionat təşkil etməkdir.

– Bu problemlərin həlli yolunda nə kimi işlər görülür?

– Qeyd etdiyim kimi, ilk növbədə “Araz-Naxçıvan”ın formalaşmasına çalışırıq. Aşağı yaş qrupu üzrə komandalarının məşq planını hazırlamışam, buna uyğun işləyirik. 7 rayondan hələlik beşinin komandasını formalaşdıra bilmişik. Ancaq çatışmazlıqlarımız çoxdur. Təsəvvür edin ki, 2008-ci il təvəllüdlü uşaqları tam yığa bilmirik. 2009-cu illəri məcburiyyətdən yuxarı yaş qruplarında oynatmalıyıq. Naxçıvan futbolunda uzun müddət böyük boşluqlar yaranıb. Valideyn görür ki, burada komanda yoxdur, uşağını başqa sahəyə yönəldir. Onlar da övladlarının gələcəyini fikirləşirlər. Bu gün U-15 liqası üçün uşaq, ümumiyyətlə, yoxdur. 2008-ci il təvəllüdlü uşaqlara hələ əlifbanı öyrədiriksə, onların hazır olması görün nə qədər vaxt aparacaq.

– Futbolçu ilə yanaşı, məşqçi də yetişdirməlisiniz…

– Açığı, ciddi şəkildə məşqçi çatışmazlığımız da var. 2012-2013-cü ildən bəri burada çempionat keçirilmədiyi üçün futbolla məşğul olmuş mütəxəssislərin əksəriyyəti başqa sahələrə yönəliblər. Bu il AFFA tərəfindən məşqçilik kursu keçirilib. Amma bir dəfə ilə kifayət etməz. AFFA-dan gələrək 10-12 nəfərə kurs keçdilər və onlara məşqçi sertifikatı verdilər. Ümumilikdə 7 rayondur ki, onların hərəsinin cəmi 3 komandası olduğunu düşünsək, 21 məşqçi lazım olur. Mən hələ bir çox aşağı yaş qrupu komandalarını demədim. Məşqçilərin maarifləndirilməsi məsələsi də var. Bu işlə özüm məşğul olmağa çalışıram. Uşaqların inkişafı üçün məşqçi lazımdır.

– Bu problemlərlə bağlı AFFA-ya müraciət edilib?

– AFFA-nın texniki direktoru Cahangir Həsənzadə ilə danışdıq. Onlar da bizə kömək etmək üçün U-15 liqasının formatını dəyişdilər. Üç qrup yaratdılar və burada Naxçıvan zonası C qrupunda olacaq. Naxçıvan qrupunun qalibi digər qrupların birinciləri və ən yaxşı ikincisi ilə yarımfinala yüksələcək. Naxçıvan futbolunun ümumi inkişafdan geri qalmaması üçün AFFA bu köməyi göstərdi.

– Hazırda Naxçıvanda hansı yaş qruplarında komandalar fəaliyyət göstərir?

– UGİM-lərin 14 yaşadək futbolçulardan ibarət komandaları olub. Amma pərakəndə şəkildə işləyiblər. Hesab edin ki, balaca meydançada 60 uşaq eyni vaxtda məşq keçib. Bu problemləri aradan qaldırmağa çalışırıq. Meydançada qarışıqlıq olmasını istəmirik. Uşaqların düzgün inkişafı hər şeydən vacibdir. Şərur, Culfa, Babək, Naxçıvan və Sədərək komandaları qeydiyyatdan keçib. Ancaq Sədərəkin komandasının çempionatda iştirakı sual altındadır. Sadaladığım rayonların hamısında 13, 14 və 15 yaşadək komandalar artıq mövcuddur. Ancaq say baxımından azdır. Məsələn, təkcə Naxçıvan şəhərində 2008-ci il təvəllüdlü cəmi 10-12 uşağı qeydiyyatdan keçirə bilmişik. 2010-cu il təvəllüdlüləri U-13 liqasına yazdırırıq. Çox əziyyət çəkirik. Maliyyə problemləri olduğu üçün Ordubadın komandaları yaxın durmur. Şahbuzda, futbol, ümumiyyətlə yoxdur.

– Yayda “Turan Tovuz”u tərk edərək “Araz-Naxçıvan”a keçdiyiniz üçün peşman deyilsiniz?

– Xeyr, heç bir peşmanlıq yoxdur. Əksinə, iş problemləri olanda adam rahat çalışır. Hansı çatışmazlıqlar olduğunu bilirsən və onları həll eləməyin yollarını axtarırsan. Futboldan kənar məsələlər olanda insan həmin problemlərin içində boğulur. Futbolumuzun problemləri işə məşğul olmaqdan şəxsən mən həzz alıram.

– Deyəsən, Naxçıvanda futbola maraq o qədər də yüksək deyil?

– Bəli, yüksək deyil. Ancaq “Araz-Naxçıvan”ın Birinci Divizionda göstərdiyi nəticələrdən sonra canlanma hiss olunur. Nəyə görə naxçıvanlı uşaqlar komandalarda çoxluq təşkil eləməsin? Sadəcə, arada böyük uçurum var. Çünki 2013-cü ildən bəri burada futbol olmayıb.

– Tovuzla Naxçıvanda futbola maraq baxımından fərq o qədər böyükdür?

– Həddən artıq böyükdür. Tovuzda futbolla məşğul olmuş insanlar bu sahədə qalmışdılar. Naxçıvandakı mütəxəssislər illərlə davam edən boşluq üzündən ailələrini dolandırmaq üçün başqa işlərlə məşğul olublar. Həmin məşqçiləri yenidən futbola cəlb etmək və onlarla maarifləndirmə işləri aparmaq lazımdır. Bəzən insanlar düşünürlər ki, futbol oynamışamsa, deməli, bu işi bilirəm. Amma bu gün futbolda gedən proseslərdən, inkişafdan çox uzaqda qalmışıq.

– “Araz-Naxçıvan”ın əsas komandası hazırda Birinci Divizona liderlik edir. Komandanın nəticələrinə akademiyadakı uşaqların reaksiyası necədir?

– Əsas komandanın göstərdiyi nəticələrdən sonra hərəkətlilik var. Valideynlər də artıq nəticələrə baxırlar və düşünürlər ki, niyə öz uşaqlarımız orada olmasın? Sadəcə, arada 9-10 illik uçurum olub, nə qədər istedadlı uşaq itirilib. AFFA-nın keçirdiyi turnirlər 14 yaşadək komandalar arasında olub. Uşaqlar 14 yaşdan sonra futboldan gediblər. Düz 10 il bu qaydada davam edib. Bu il ilk dəfə U-15-in çempionatını keçirməyə çalışırıq. Alındıra bilsək, bu həftə 5 komanda arasında ilk turun matçlarını təşkil edəcəyik. Bu da çox azdır.

– Belə vəziyyətdə yaxşı futbolçu yetişdirmək nə dərəcədə realdır?

– Biz bunu reallaşdırmağa məcburuq. Futbolun içində olub, bu sahədəki problemlərlə məşğul olmaq adamı yormur. Əksinə, nəsə əldə eləməyə çalışırıq. Futboldan kənar məsələlər var. Məsələn, məşq ləvazimatları, geyim dəstləri çatışmır, uşaqları məşqə, oyuna aparmaq üçün nəqliyyat lazımdır.Yoldaşlıq görüşü keçirmək istəyirsənsə, birinci rəqib axtarmalısan, ikinci də ora getməlisən. Bunun üçün də ayrı struktur qurmalıyıq.

– “Araz-Naxçıvan” 1-ci yeri tutsa, gələn mövsüm Premyer Liqada mübarizə aparacaq. Cəmi yarım ilin qaldığını nəzərə alsaq, klub buna nə vaxt hazır olacaq?

– İndi əsas işlərimizi də bu yöndə aparırıq. Əsas komandada heç bir problem yoxdur. Aşağı yaş qrupu komandaların probleminin həllinə çalışırıq. Ən azı U-15-dən aşağı və yuxarı bir yaş qrupu olmalıdır. 10-dan 13-ə qədər komandalarımız var. Ən kiçik yaş qruplarında 2-3 komanda formalaşdırmışıq. Bu da ümumi canlanmanın bir hissəsidir. Yuxarı yaş qruplarında bunu görə bilmirik. Eynilə Şərurda 9-13 arası hər yaş qrupunda komanda qurmuşuq. Onlar hazırda UGİM-lərin çempionatında oynayırlar.

–  Uşaqlarla artıq tanışsınız. Naxçıvandan güclü futbolçu üzə çıxması üçün neçə il gözləmək lazımdır?

– İnanın ki, istedadlı uşaqlar var. 2009-cu il təvəllüdlü bir nəfər əla uşağımız var. İyunda uşaq Bakıdakı yarımfinal mərhələsində iştirak etmiş, ayağı qırılmışdı. Müalicəsini tam olaraq klub öz üzərinə götürdü, bütün xərclərini qarşıladı. Yanvardan sonra Azərbaycan futbolunda oynaya biləcək potensiala malikdir. Hamıdan hədsiz dərəcədə seçilir. Ümumiyyətlə, aşağı yaş qruplarında istedadlı yeniyetmələr var.

– Gələcək planlarınız nələrdən ibarətdir?

– Əsas işlərimiz Naxçıvan futbolu ilə bağlıdır. Amma məşqçinin də çantası həmişə əlindədir. Gələcəkdə bəlkə hardansa təklif olar, ayrılaram. Ancaq indi bütün planımızı Naxçıvan futbolu üzərində qurmuşuq.

ABBAS

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

fggfh 1 - Futbolinfo.az
Shares: