“Səbail”in baş məşqçisi Mahmud Qurbanov Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Sabah”a qarşı keçirdikləri ilk oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, o, 3:2 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Əsl kubok oyunu idi. Gərgin oyun keçdi. Bu gün əvvəlki oyunlara nisbətən daha yaxşı idik. Yaxşı hücumlar qurduq, qollar vurduq. Uşaqlar daha çox istəkli, aqresisv idilər. Rəqibin azlıqda qalmasına baxmayaraq, “Sabah” kimi komandaya yaxşı qollar vurduq. Əfsuslar olsun ki, sona yaxın sadə epizodlarda qollar buraxdıq. Hesab 3:1 olarkən təkbətəki vura bilmədik. Qol olsaydı, cütün taleyi həll olunacaqdı. Bizi gərgin cavab görüşü gözləyir. Hələ heç nə həll olunmayıb. Yaxşı hazırlaşıb, bugünkü oyunu cavab matçında da göstərməliyik. Bu qarşılaşmanı yaddan çıxarıb, “Sumqayıt”la görüşə hazırlaşacağıq. Bu gün göstərdiyimiz oyunu davam etdirməliyik. Nəticə nə olursa-olsun, hər komandanın oyun üslubu var. Biz də istəyirik bununla nəticə qazanaq. İstəyərdik ki, qələbələr ardıcıl olsun.

Məncə, bu mövsüm ən yaxşı oyunumuz idi. Uşaqlar meydanda yaxşı mübarizə apardılar. Futbol oynamaq istədilər. Hər halda, topa nəzarət bizdəydi, hücumlar edirdik. Qalibiyyət komandada özünəinam, qələbə ruhunun qayıtması baxımından çox vacib idi.

3:0-dan sonra bir az rahatlaşma, diqqətsizlik ucbatından qollar gördük. Əslində, olmamalıydı. İstəyirik ki, belə səhvlərə yol verməyək. Amma dördüncü qol şansımız da var idi. Futbol 90 dəqiqədir. Əsas odur qələbə qazandıq. Bu, bizə lazım idi. Qarşıdakı oyunlara hazırlaşacağıq.

“Sabah” bu il daha yaxşı komandadır, yaxşı nəticələr göstərirlər. Amma uşaqlar bu gün qələbəyə layiq idilər. İstəkli idilər. Qələbə haqqımız idi. Nəsə demək çox tezdir”.

Shares: