Müdafiəçi olmaq sanki alnına yazılıb. O, idmanda “Mingəçevir” futbol klubunun, 44 günlük Vətən müharibəsində isə Vətənimizin şərəfini qoruyub. Hər iki halda müdafiəçi olaraq işinin öhdəsindən uğurla gəlib.

Namiq İbrahimli Vətən müharibəsi başlayandan iki gün sonra cəbhəyə yola düşür. Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa istiqamətlərində gedən gərgin döyüşlər zamanı qəhrəmanlıq göstərərək döyüş meydanından yüzlərlə yaralını çıxarmağa müvəffəq olur.

1986-cı ildə Mingəçevirdə dünyaya göz açan, hazırda həm də 12 nömrəli şəhər tam orta məktəbində fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlıq müəllimi kimi çalışan Namiq Vətən müharibəsi zamanı öz yetirmələri ilə birlikdə döyüş meydanında tarix yazan igidlərimizdəndir.

318097510 480514104183966 6280689106429820038 n 1 - Futbolinfo.az

Qəhrəmanımız hazırda aktiv şəkildə 1-ci divizonda mübarizə aparan “Mingəçevir” futbol klubunda forma geyinir. 36 yaşlı müdafiəçi müharibə zamanı komandasının ayaqda qalması üçün etdiyi müraciətdən sonra böyük futbolun “Nur şəhəri”nə qayıtmasına dəstək olub.

“Mingəçevir”də oynayan gənclərə hər zaman kömək olduğunu deyən Namiqin ən böyük arzusu yaxın illərdə doğma komandasını Premyer Liqada görməkdi.

Qəhrəman müəllim və futbolçu müharibədə göstərdiyi igidliyə görə Füzuli, Xocavənd və Şuşanın azad olunmasına görə medalları ilə təltif edilib.

BƏHRUZ MUSAYEV, Mingəçevir

Shares: