Azərbaycan Kuboku uğrunda ¼ final mərhələsinin ilk oyunlarına yekun vuruldu. İkinci oyun günündə qeydə alınan nəticələr cavab oyunları üçün intriqanın qaldığını deməyə əsas verir. Bir gün öncəki matçlarda olduğu kimi, yenə kiminsə aşkar üstünlük qazandığını demək olmur.

Əslində, “Səbail”in belə imkanı var idi. “Sabah”la ev matçında rəqibin ilk dəqiqələrdən azlıqda qalması Mahmud Qurbanovun yetirmələri üçün əla fürsət yaratmışdı. Qonaqlar ikinci səhvi hesab açılarkən etdi. Fasilədən sonra da qollar sıralandı və Bayıl təmsilçisi çox böyük üstünlük qazandı.

“Səbail”in məşqçi və futbolçuları azlıqda olan rəqiblə matçda belə böyük üstünlüyn əriməsinə imkan verdilərsə, bunun üçün yalnız özlərini qınamalıdırlar. Əvəzində Murad Musayev inadından dönmədi, risk etdi və mükafatını aldı. Müdafiəçiləri hücumçuyla əvəzləyən rusiyalı mütəxəssis qol vurmaqda israrlı olunca fərqi minimuma endirməyi bacardı – 2:3.

Əslində, “Sabah” minimal hesablı məğlubiyyəti qorumaq haqqında da düşünə, cavab görüşü üçün sərfəli nəticəni təmin edə bilərdi. Amma Musayev nicatı hücumda aradı, inadkarlıq sayəsində oyunu çirkləndirmədən, baxımlı futbola üstünlük verərək istəyinə çatdı. Düzdür, məğlubiyyət reallaşdı, lakin fərqin minimuma enməsi cavab matçına ümid saxladı. Azlıqda qalan rəqibə müqavimət göstərə bilməyən “dənizçilər”in Masazırda nə qədər dayanacağını zaman göstərəcək.

Lakin o da var ki, “Səbail” çempionat matçında səfərdə bu komandanı büdrədib. Ona görə də “Sabah”ın cavab görüşündə mütləq qalib gələcəyini iddia etmək olmur. Əsas odur ki, intriqa davam edir və yarımfinala yüksəlmək şansları bərabərdir.

Qərb duelində səfər qələbəsi qazanan “Turan Tovuz” da arxayın olmamalıdı. “Kəpəz” Gəncədə uduzsa da, cavab matçı gərgin keçəcək. Rəqib meydanında vurulan qollar önəm kəsb etmədiyindən, “Kəpəz” Tovuzda ilk qolu vura bilsə, mübarizənin gedişi fərqli yön alacaq. Bununla belə, tovuzlular ¼ final mərhələsində səfərdə qələbə qazanan yeganə komanda olduğundan, yarımfinala ən yaxın komanda kimi görünür.

CAVAD

Shares: