Qətərdə təşkil olunmuş dünya çempionatının 1/4 final mərhələsi çərçivəsində baş tutan Mərakeşlə oyun Portuqaliya yığmasının hücumçusu Kristiano Ronaldo üçün əlamətdar olub.
Futbolinfo.az xəbər verir ki, o, 1/8 finalda İsveçrəni 6:1 hesabıyla məğlub etdikləri oyunda olduğu kimi, Mərakeşlə matçda da sonradan meydana buraxıldı.
51-ci dəqiqədə meydana çıxan təcrübəli futbolçu, yeni bir rekorda şərik çıxıb. 19 ildir Portuqaliya millisinin uğurları üçün çalışan hücumçu, yığmanın heyətində 196-cı matçını keçirib. Bununla da o, milli forma ilə ən çox oyun keçirmiş Küveyt yığmasının üzvü Badet Əl-Mutavanın rekorduna şərik olub. Ronaldo millidə daha 1 matça çıxacağı halda bütün zamanların ən çox milli matç oynayan futbolçusuna çevriləcək.
Xatırladaq ki, Portuqaliya yığması Mərakeşlə oyunda 0:1 hesabıyla uduzaraq DÇ-2022-də mübarizəni dayandırıb. Ronaldo oyundan sonra ağlayıb. Yarımfinala çıxa bilmədikləri üçün məyus olan 37 yaşlı hücumçu göz yaşlarını saxlaya bilməyib. Bu, təcrübəli forvardın peşəkar karyerasında sayca 5-ci mundialı idi.