“Sumqayıt” Damian Daniçiçlə yollarını ayırıb. Serbiya millisinin sabiq üzvü artıq vətənindədir.

Futbolinfo.az xəbər verir ki, cinah müdafiəçisi bir müddət öncə əvəzedici heyətə göndərilmişdi. Baş məşqçi Samir Abasovun imtina etdiyi 22 yaşlı oyunçudan müqaviləsinə qarşılılqlı razılıq əsasında xitam verilməsi istənilirdi. Rəhbərlik oyunçunu 2,5 ili qalan anlaşmanı pozmaq üçün məcbur etmək niyyətində idi.

Daniçiç saytımıza açıqlamasında bunları demişdi: “Mənə dedilər ki, ya özünə yeni komanda tap get, ya da əvəzedici heyətdə oyna. Biz ödənişlə bağlı razılıq əldə bilmədik. Klub müqaviləni pozmaq istədi, amma razılaşmadıq. Hələ ki, burda gözləyəcəm. Mən müqaviləni pozmaq üçün cəmi iki ayın pulunu istədim. Razılaşmadılar, mən anlaşmanı pozmayacam”.

Bu açıqlamadan sonra klub rəhbərliyi növbəti dəfə futbolçu ilə danışıb və ortaq məxrəcə gəliblər. Kiçik təzminatla kifayətlənən futbolçu “Sumqayıt”ı tərk edərək vətəninə yollanıb.

Xatırladaq ki, Damian “kimyaçılar”ın mövsümün gedişində vidalaşdığı ilk futbolçu deyil. Yayda heyəti faydasız əcnəbilərlə dolduran rəhbərlik komanda son pilləyə düşdükdən sonra səhvini anlamağa başlayıb. Ona görə də ötən aylarda Oure-Nil Ture və millimizin sabiq üzvü Araz Abdullayev də yola salınıb.

Shares: