AFFA ciddi çətinliklərlə üz-üzə qalıb. Assosiasiya artıq əvvəlki kimi pul dənizində üzmür. SOCAR maliyyə ayrılmasında əlini sıxmaq taktikası seçib və hər qəpiyin hesabatını istəyir.

Bu səbəbdən AFFA xərclərini azaltmağa məcbur olub. Ehtiyac duyulmayan toplanışlar ləğv edilib, təşkili vacib olanların müddəti azaldılıb, ən minimal şərtlərlə variantlar axtarılır. Ölkə futboluna faydasızlığı illərdir sübut olunan, sadəcə, pul dağıtmaq məqsədi güdülən bəzi layihələr də təxirə salınıb.

SOCAR-ın doğru olaraq tətbiq etdiyi “maliyyə limiti”ni ilk olaraq milli komandalar hiss edib. Əvvəllər heç-heçələrə, hətta məğlubiyyətlərə görə mükafat təyin edilirdisə, indi qələbələr zamanı belə kiçik mükafatlar ödəniləcək. Bir il öncəyə kimi yığma futbolçuları hər qələbəyə görə 30-50 min manat mükafat alırdısa, indi bu hədd 3 mini keçmir.

Bəlkə də nəticələr elə bu üzdən yaxşılaşıb. Pul çox olanda işbazlar özləri də qazanmaq üçün heyətə müdaxilələr edir, tapşırıqla sevimli futbolçularının oynadılmasına nail olurdular. İndi isə mükafat az olduğu üçün onlar kənarda qalıb, baş məşçqi ən layiqliləri meydana buraxır və həmin futbolçular da qələbələri təmin edir.

AFFA prezidenti Rövnəq Abdullayevin SOCAR-dan gedişi ilə reallaşan qənaət planı gözlənilən idi. Güman ki, yeni sistem tətbiq olunacaq, maliyyə yenə artırılacaq və daha səmərəli istifadəsinə, doğru yerlərə xərclənməsinə şərait yaradılacaq. Bütün bunlar isə Abdullayev futboldan tamamilə getdikdən sonra reallaşacaq.

Shares: