“Səbail” növbəti transfer danışıqlarına başlayıb. Heyətini gücləndirmək istəyən “dənizçilər” əməli addımlar atır.

Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, Bayıl təmsilçisi qanalı futbolçu Abdul Mohammed Kadiri ilə maraqlanır. Müqavilə ilə Kiyev “Dinamo”suna məxsus olan 26 yaşlı mərkəz müdafiəçisi ilə artıq ilkin danışıqlar aparılıb. Paytaxt klubunun yaxın günlərdə onunla razılıq əldə edəcəyi bildirilir.

Qeyd edək ki, Mohammed Kadiri karyerasına Qananın “Aşanti Qold” komandasında başlayıb. Daha sonra – 2016-cı ildə Vyana “Austriya”sına keçən futbolçu iki il Avstriyada çıxış edib. Ardınca Rusiyanın “Arsenal” (Tula) klubuna icarəyə verilən qanalı 2019-da Kiyev “Dinamo”suna satılıb. Ukraynalılar da bu futbolçunu heyətində çox saxlamayıb. Növbəti dəfə “Arsenal”a, 2021-də “Çernomorets”ə, 2022-də “Honved”ə icarəyə göndərilən oyunçu yaya kimi Macarıstanda olmalıdı. Amma son klubunda ümidi doğrultmayan müdafiəçi “Dinamo”ya erkən qayıdıb.

“Səbail” futbolçunu məhz indi transfer etmək niyyətindədir və xərcə düşməyəcək. Çünki Kadiri bir neçə gün öncə Kiyev klubu ilə müqaviləsini pozub.

Shares: