10 günə sığan 3 “Qarabağ” – “Qəbələ” duelinin ikinci arxada qaldı. Kubokun ¼ final mərhələsi çərçivəsində ilk oyun 2:2 hesabıyla başa çatmışdısa, çempionat matçında ağdamlılar qələbəni qopara bildi. Surxanıdakı ardıcıl oyunlardan sonra növbəti matç Qəbələdə olacaq və yarımfinalçının adına aydınlıq gələcək.
“Qəbələ” bugünkü matçda apardığı mübarizəyə görə xala layiq idi. Bölgə təmsilçisi xüsusilə ilk hissədə rəqibi ilə başabaş mübarizə apardı, hətta qol epizodları baxımından daha üstün oldu. Fasilədən sonra qol üçün təzyiqi artıran meydan sahiblərinin dadına cərimə meydançasında topun Məqsəd İsayevin əlini tapması çatdı. Müdafiəçi mübarizə zamanı istəmədən topun istiqamətini dəyişdi və hakim haql olaraq penalti nöqtəsini göstərdi.
“Qarabağ” xüsusilə fasilədən sonra özünü favorit kimi göstərə bildi. Lakin komandanın oyununda eniş hiss olunur. Yorğunluq komandanı əldən salıb, mövsümün əzginliyini çıxarmaq üçün qarşıdakı fasilə futbolçulara faydalı olacaq. Amma onlar tətilə getməmiş vacib kubok oyununa çıxmalı, daha sonra çempionat matçında məğlubiyyətsiz seriyasını davam etdirməlidir.
Kubokun cavab matçı “Qəbələ” üçün daha çətin keçəcək. Zatən heyətin genişliyi baxımından rəqibdən geri qalan bölgə təmsilçisinin itkiləri də var. Üstəlik, son iki oyunda Elmar Baxşıyevin yetirmələrinin maksimumu üzə çıxdı. Heyətdə rotasiyalar etməklə rəqibindən istədiyini alan Qurban Qurbanov Qəbələdə lazımi nəticəni təmin etmək üçün daha yaxşı fürsətlərə sahibdi.
Bugünkü oyunda qazanılan qələbə “Qarabağ”ın zirvədə yerini möhkəmlətməsinə də imkan verdi. 15-ci qələbəsini qazanan “atlılar” yalnız iki görüşdə rəqiblərinə xal bağışlayıb ki, bu da komandanın tarixi ərzində ən yaxşı başlanğıcdır. Növbəti turda “Səbail”i məğlub etmək mümkün olsa, ağdamlılar mövsümün ikinci yarısı üçün böyük üstünlük qazanacaq. Düzdür, “Sabah” fərqin böyüməsinə imkan vermir, amma indi psixoloji üstünlük “Qarabağ”ın tərəfindədir.
“Qəbələ”yə gəlincə, komanda avrokuboklara vəsiqə verən 4-cü yer uğrunda “Zirə”ylə rəqabətdədir. Komanda gələn həftə kubokda yarımfinala adlayıb iki cəbhədə mübarizə aparmaq üçün son cəhdini edəcək, alınmasa, qışdan sonra bütün diqqət çempionata yönələcək. Bölgə təmsilçisinin sonadək davam gətirməsi üçün heyətini gücləndirməsinə ehtiyac duyulur. Komanda bu gün hər nə qədər xoş təsir bağışlasa da, sabit oynamaq üçün heyət zənginliyinə gərək var.
FƏRİD