“Argentinanı finala çıxması münasibəti ilə təbrik edirəm. Futbolçularımı günahlandırmıram” – bu sözləri Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç DÇ-2022-nin yarımfinalında Argentinaya uduzduqları oyundan (0:3) sonra mətbuat konfransında deyib.

O, komandasında mərkəz hücumçusunun çatışmadığını bildirib: “İlk yarım saat oyuna nəzarət etdik, amma bəzən bəxtimiz gətirdi, bəzən isə əksinə. Matçı uduzduq və şikayət edəcək heç nə yoxdur. Yaxşı vəziyyətlər yaratdıq, amma bitiricilik yox idi. Taran tipli hücumçu çatışmazlığı var idi”.

Daliç qələbədə böyük pay sahibi olan rəqibin kapitanı Lionel Messi haqda da danışıb: “Messi 15 ildir ki, dünyanın ən yaxşı oyunçusudur. Bu oyunda da çox təhlükəli idi və ustalığı matçın nəticəsini həll etməyə kömək etdi. Messi əla formadadır. Təəssüf ki, bu, hamımızın görməyə öyrəşdiyimiz Messi idi”.

Xorvatiya millisi dekabrın 17-də 3-cü yer uğrunda oyuna çıxacaq. Rəqib isə bu gün yarımfinalda keçiriləcək Fransa – Mərakeş matçının məğlubu olacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp