“Sabah” qış toplanışı zamanı təkcə yeni transferləri düşünməməlidi. Baş məşqçi Murad Musayevin komandanın oyun dəst-xəttinə əl gəzdirməsinə, müxtəlf variantlar fikirləşməsinə də gərək var. Doğrudur, güclü olduqda sadiq qaldığın oyun tərzi ilə də rəqibi məğlub edə bilərsən, lakin bəzi futbolçularda eniş müşahidə edilincə, ehtiyatda oturanlar layiqli əvəzediciyə çevrilə bilməyincə xal itkiləri qaçılmaz olur.
“Sabah” ardıcıl 3 oyundur qələbə qazanmır. Bu matçların autsayderlərlə olması sübut edir ki, komandanın qapanan rəqiblərlə işi çətindir. Hücumda daha rəhgarəng, daha sürətli oynamağı bacarmadıqda qələbə qazanmaq mümkünsüzləşir.
Bu gün Gəncədə qazanılan xalı Musayev önəmli hesab etdiyini bildirib. Lakin rusiyalı mütəxəssis qazanılan yox, itirilən xallara diqqət etməlidir. Düzdür, onun çempionluq üçün oynamadıqlarını etiraf etməsini nəzərə alsaq, Gəncədə uduzmamaq da önəmlidir.
İstənilən halda, “Sabah” çempionluq mübarizəsində “Qarabağ”ın işini bir qədər də asanlaşdırdı. Ağdamlılarla fərq artdı, bakılıların əsas məqsədinin ilk “üçlük”də qərarlaşıb Avropa Liqasına yollanmaq olduğu aydınlaşdı. “Sabah” daha yaxşısını arzulaya bilər, amma indiki durumundan da narazı deyil.
İstənilən halda, imkan və şəraitə görə üstələdiyi rəqiblərlə oyunlarda ardıcıl büdrəmələr Musayevi düşündürməlidir. “Sabah” məhsuldar oynayır, hər matçda qol vurur, bununla belə, ardıcıl 3 oyunda 6 qol buraxmaq liderlər qrupundakı komandaya yaraşmır. Və bu, Musayevin müdafiəçiləri hücumçularla dəyişib risk etməsinə bağlı deyil, paytaxt klubu qolları risklər edilənə kimi buraxıb.
Komandada intizamla bağlı da problemlər diqqət çəkir. “Sabah”ın büdrəmələri azlıqda qaldığı oyunlarda reallaşıb. Sanki futbolçular işlərin rəvan getmədiyi anlarda əsəblərinə hakim ola bilmir. Və bununla komandanı daha çətin vəziyyətə salırlar.
Konkret bugünkü matça gəlincə, Ceyhun Nuriyevin oyundan qovulduğu epizoda birmənalı qiymət vermək olmur. Matç heç-heçə davam edərkən hücuma tələsən yarımmüdafiəçi peşəkar davrana bilmədi və rəqibinə zərbə endirdi. Doğru etmədi, cəzaya layiq idi, lakin bu epizodda hakimlərin diqqət etməli məqam var idi. “Kəpəz”in futbolçusu Giorgi Kantariya Ceyhunun ayağından tutub çəkdi, hətta sanki zərbəni özü-özünə vurdu. Üstəlik, epizoddan öncə baş hakimin köməkçisinin aut işarəsinə məhəl qoymaması düşündürücüdür. Sanki yenə “Sabah”a qarşı hakim səhvləri sıralanmağa başlayır.
İstənilən halda, büdrəmələri yalnız hakimlərə bağlamaq olmaz. Nuriyev 90-cı dəqiqədə oyundan qovuldu, ona kimi isə gəncəlilər 2 qol vura bilmişdi. “Sabah” müdafiədə qapanıb əks-hücumlara üstünlük verəcəyi öncədən bəlli olan “Kəpəz”dən bu üsulla qollar buraxırsa, demək bunun qarşısının alınmamasının səbəbi sorğulanmalıdır. Yüksək ödənişli məşqçilər, futbolçular özlərindən 20-30 dəfə az məbləğə – cəmi min dollar maaşa oynayan 20 yaşlı Şuaybunun qarşısını ala bilmirsə, hakimlərdən yapışmağın yeri yoxdur. Hakimlər qırmızı vərəqə anında səhv etdilərsə belə, 90 dəqiqə boyunca maksimum ədalətli davrandılar.
Bütün bunlar gəncəlilərin xal qazanmasına kölgə sala bilməz. “Kəpəz” natamam heyətlə lider komandanı büdrətdi. Komandanın sabit oynaya bilməməsi ciddi problemdir, lakin toparlanıb nəticə qazanmağı bacarırlar. Xüsusilə favoritlərlə oyunlarda, “2 nömrə kimi” oynamaq lazım gələndə “Kəpəz” pis təsir bağışlamır.
Tərlan Əhmədovun Gəncədə gördüyü işləri danmaq olmaz. O, məşqçi bacarığına görə ölkədə ən yaxşılardan biridir, işi ilə bunu sübut edir. Klubdaxili ab-havanı düzəltsə, futbolçularla davranışını qaydaya salsa, meydandankənar məsələlərdə daha diqqətli olub özünü işə versə, çox uğurlu olar. İnsaf naminə, “Kəpəz”dəki mənzərə də xoş deyil, gəncəlilər yumruq kimi birləşib bir nöqtəyə vurmağ bacarmalıdır. Kənardan gələn hər məşqçiyə müxalif olmağa çalışmaları, veteranların daha çox şəxsi mənafeyini düşünməyi şəhər futbolunun ümumi inkişafına illərdi zərbə vurur.
Qış fasiləsinə 2 oyun qalıb. Həm “Kəpəz”, həm də “Sabah” öncə kubokun cavab matçlarında ilk oyunlardakı məğlubiyyətlərin əvəzini çıxmalıdır. Daha sonra Premyer Liqada son matçlar var. “Qarabağ”la “Neftçi”nin arasında 2-ci yeri özünə təmin edən bakılıların durumu bəllidir, Gəncə təmsilçisi isə sonuncu pilləyə düşməmək üçün həm özü uğur qazanmalı, həm də əsas rəqiblərinin xal itirməsini arzulamalıdır.
CAVAD