“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Premyer Liqanın 17-ci turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, o, 2:0 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Azarkeşlərimizi təbrik edirəm. Qış fasiləsinə kimi bəlkə də sonuncu yerdən qurtulduq. Qışdan sonra oyunumuzu daha da yaxşılaşdıracağıq. Matç həddən artıq gərgin keçdi. Əsasən də birinci hissə. Qol vurandan sonra rəqib tərəfdən böyük təzyiqlə üzləşdik. Futbolçularım bunun öhdəsindən gələ bildilər. İkinci hissədə daha rahat idik. İkinci qolu da vurduq. Əks-hücumlarda epizodlar yaxalaya bildik.
Turnir cədvəlində vəziyyətimizə görə 7 xal toplasaq da, rəqiblərimizdən çox irəli gedə bilmədik. Bu gün bir oyunda məğlub olsaq, yenə eyni vəziyyətə düşə bilərik. Bunun üzərində dayanmayaq, daha da yaxşılaşaq. Qışdan sonra evdəki oyunlar önəmli olacaq. Bunları qalibiyyətlə başa vura bilsək, oyunumuzu da tapmış olarıq. Təlim-məşq toplanışı da bizə kömək olacaq.
Növbəti turda “Sabah”a qarşı başqa oyun oynamalıyıq. “Sabah”ın son matçları eyni məcrada keçib, sadəcə, qələbə qazana bilməyiblər. Düşünürəm ki, qeyri-adi şeylər baş verməsə, bizimlə də eyni oyun olacaq. Sözümün canı odur ki, “Kəpəz”, “Səbail” hansısa anda bizi bağışlayırdısa, vura bilmirdisə, inanmıram ki, “Sabah”la qarşılaşmada belə bir şey olsun. Bu yöndə diqqətli olmalıyıq. Həmin boşluqları “Sabah”a versək, meydandan suyu süzülə-süzülə çıxacağıq.
Qış hazırlıq planımız bəllidir. Yanvarın 5-də Antalyaya gedəcəyik. Orada yoldaşlıq görüşlərimiz olacaq. Transferlər də edəcəyik. Komandadan gedənlər də olacaq. Amma hələ ad vermək istəmirəm”.