Ağabala Ramazanovun zədələnməsi üzündən hücumda istədiyimizi edə bilmirik…

Emil Martinov sıradan çıxdı, yarımmüdafiədə problemlərimiz yarandı…

Müdafiədə çox pis oynayırıq, iki korner qapımıza qolla nəticələndi…

***

3 cümlə-sitatın hamısı Mahmud Qurbanova məxsusdur. Hələ ayrı-ayrı futbolçular barədə tənqidlərini, ümumi komandanı qınadığı sözləri də çox eşitmişik. Və bu komandanı quran da, heyəti yığan da Mahmud bəy özüdür.

Qurbanov özündən başqa hamını günahkar sayır, nəticəyə birbaşa cavabdeh olmasına baxmayaraq, məsuliyyətdən qaçır. İndi də qışda edəcəyi transferlərdən danışır, ehtiyatda oturan 150-200 minlik legionerləri gətirib büdcəni dağıtmağın hesabatını kimin verəcəyini söyləmir.

Klub rəhbərliyi Mahmud Qurbanova bu qədər səbr edirsə, öz işləridi. Lakin turnir cədvəlinə baxıb nəticə çıxarsınlar. Ölkənin ən adlı-sanlı futbolçularından biri olmuş “professor” məşqçi kimi ümidləri doğrultmur, əksinə, imicini xərcləyir.

Büdcəsinə görə ilk “beşlik”də olan “Səbail” turnir cədvəlinin sonuncusudur. Bayıl təmsilçisi 17 tur ərzində cəmi 2 qələbə qazanıb – bunu sonradan iş başına gələn, sələflərinin qurduğu heyətlə yola davam edən Tərlan Əhmədov 11, Samir Abasov daha az oyuna bacarıb.

Mahmud Qurbanov fərdləri qınayır, halbuki komanda zəif oynayırsa, bir nömrəli günahkar baş məşqçidir. Deməli, say düzəldilib, heyət düzgün komplektləşdirilməyib, seçimlər səhv edilib. Klub rəhbərliyinin külli-ixtiyarı Mahmud bəyə verdiyini nəzərə alsaq, uğursuzluğun səbəbkarı da odur.

Qurbanov komandaya götürülən süpügəçi üçün də xeyir-duanı menecer Ceyhun Sultanovdan alıb, oyunçuları onunla birlikdə Zaur Ramazanov seçib. İndi bu adamlar qazandığı pulları ehtiyata atıb qış bazarlığına hazırlaşır, imici yerlə bir olan Mahmud bəy onlara güvəndiyi üçün hədəfə çevrilib. Baş məşqçi belə danışır, yenə eyni adamların növbəti lazımsız dəstəni gətirməsi üçün zəmin hazırlayır. Sultanova sual versən, deyəcək ki, “mən gətirsəm də, qərarı məşqçi verib, o seçib”. Beləcə pul qazananar təmizə çıxacaq, imic xərcləyənlər tənqid hədəfinə çevriləcək.

mahmud qurbanov - Futbolinfo.az

Qurbanov klubun transfer siyasətini müəyyənləşdirən bu adamlara o qədər inanır ki, həqiqətləri görmür. Amma “gəmiqayıran” rəhbərlik hamıya aşağıdan yuxarı baxdıqlarının, turnir cədvəlində hamının altında qalmalarının fərqindədirlər. “Dənizçilər”in “gəmi”si dibə vurub. Ayılıb məşqçini istefaya göndərəndə Sultanov, Ramazanov yerində qalacaq və yeni çalışdırıcı üçün əcnəbi boxçası hazırlayacaqlar.

“Sumqayıt” bu gün parlaq futbol oynamadan qalib gəldi. Ona görə ki, “Səbail” daha bərbad idi. Samir Abasov təcrübəsi sayəsində əsas rəqibini sıradan çıxarıb birdən-birə iki pillə irəlilədi. Doğrudu, 2 xallıq fərq fantastik üstünlük deyil, lakin zaman və imkanlar baxımından Abasov Qurbanovdan daha bacarıqlı olduğunu qısa müddətdə göstərdi.

Mahmud bəyin postunda qalması üçün iki çətin sınağı var. Növbəti matçda “Sabah”ı sıradan çıxarıb ölkə kubokunun yarımfinalına çıxmalı, ya da qışaqədərki son turda “Qarabağ”a mövsümdəki ilk məğlubiyyəti yaşatmalıdır. Çətin vəzifədir, lakin təsadüf nəticəsində bunlardan biri reallaşsa belə, aldanan “Səbail” rəhbərliyi olacaq. Nəticə bir yana, 6 ay ərzində komanda quruculuğu yolunda heç bir iş görməyən, yalnız futbolçuların qarasına deyinən məşqçi ilə uzun yol getmək olmaz.

Qurbanov yeni futbolçular istəyirsə, deməli, özünün seçdiyi bir çox legioneri göndərmək niyyətindədir. Komandanın özəyini qoruyub çatışmazlıq olan mövqelərə futbolçu axtarılsaydı, bunu komanda quruculuğu saymaq olardı, Qurbanov isə heyəti dəyişmək istəyir. Seçimləri bərbad olan birinə eyni şansı növbəti dəfə verməyə dəyərmi?

CAVAD

Shares: