“Hazırda Azərbaycan çempionatında hücumçu problemi var. Bu problem getdikcə də dərinləşməkdədir. Azərbaycan futbolunda hücumçu yetişdirmək barədə hamımız düşünməliyik. İndi Rauf Əliyev, Vüqar Nadirov, Vaqif Cavadov kimi hücumçularımız var, onlardan maksimum istifadə etməyə çalışırıq. Amma mütləq onların oyun üslubunu dəyişməliiyk. Alınmırsa, yeni hücumçular hazırlamalıyıq” – bu sözləri Qurban Qurbanov düz 9 il əvvəl ölkə mətbuatına açıqlamasında demişdi.

Həmin dövrü göz önünə gətirib, “Qarabağ”ın baş məşqçisinin haqlı olduğunu qeyd edə bilərik. Baxmayaraq ki, o dövrdə millimiz DÇ və AÇ-nin seçmə mərhələsində indikindən daha yaxşı çıxış edirdi. Ciddi hücumçu probleminin olduğu həmin vaxt qrupda 9-10 xal yığırdıq. İndi isə millimiz seçmə mərhələlərdə inamsız təsir bağışlayır. Bu məntiqlə Azərbaycan futbolunda ümumiyyətlə, normal hücumçu tapmaq çətin məsələyə çevrilməlidir.

Əslində, dünya futboluna boylansaq, hücumçu problemi yaşayan güclü millilərin uğur qazanmadığını görərik. Məsələn, İspaniya və Almaniya yığmaları mundialda bunun güdazına getdi. Baxmayaraq ki, bu iki komandanın arxa və yarımmüdafiə xəttində o qədər də ciddi problem yox idi.

Belə olan halda, özümüzdən nə gözləyə bilərik ki? Ancaq dünya futboluna aid olan qayda-qanunlar bizə uyğun gəlmir desək, yanılmarıq. Çünki Azərbaycan çempionatında oynayan nəinki yerli, hətta əcnəbi futbolçular məhsuldarlığı ilə diqqət çəkmir. Məsələn, Almaniya millisi səviyyəli hücumçu problemi yaşayırsa, bunun Bundesliqanın legionerlərinə heç bir təsiri yoxdur. Bundesliqada həmişə çox qol vurulur. Çünki çempionatda komandalar açıq oyuna üstünlük verir. Bu mənada ancaq alman hücumçular ön plana çıxa bilmir.

Azərbaycan çempionatının xüsusiyyətləri fərqlidir. Buradan təkcə, yerlilər yox, heç əcnəbilər də baş çıxara bilmir. Təsəvvür edin, 1992-ci ildə Nazim Əliyevin 39, 1993/94 mövsümündə 34 qol vurduğu çempionatda hücumçular indi heç mövsümə 20 dəfə fərqlənmir. Doğrudur, o vaxt çempionatda komanda sayı çox olduğundan oyunlar da çox olurdu. Amma son mövsümlərin 8 komandayla keçirilməsi bəhanə ola bilməz, 4 dövrədə mübarizə getdiyini nəzərə alsaq, matç sayı heç də az olmur. Sadəcə, dubl, het-trik sayları azalıb ki, bu da komandaları səviyyəcə bərabərləşməsinin və qolçu hücumçuların olmamasının nəticəsidir.

Ötən mövsüm bombardirlər yarışında Kadi Borgesin ön plana çıxdığını görərik. Çempionatda debüt mövsümünü keçirən “Qarabağ”ın braziliyalı cinah hücumçusu aktivinə 12 top yazdırdı. Daha bir il əvvəl isə “Neftçi”də çıxış edən Namiq Ələsgərov 19 topla hamını qabaqladı.

2019/20 mövsümündə isə Azərbaycan çempionatları tarixinin ən bərbad göstəricisinə imza atılmışdı. Belə ki, mövsümün ən yaxşı nəticəsinə imza atan “Neftçi”dən Baqali Dabo ilə Stiven Monroz, “Qarabağ”dan Mahir Emreli, “Sumqayıt”dan isə Peyman Babayi hərəyə 7 qol vurmuşdu. Amma burada bir məsələ də var ki, pandemiya səbəbindən çempionat yarımçıq dayandırılmış, çempionatın son 8 turu oynanılmamışdı. Mövsüm sona qədər keçirilsəydi, bu oyunçular arasında heç olmasa, biri ən azı 10-11 qol vuracaqdı. Məsələn, 2016/17 mövsümündə “Qəbələ”dən Filip Ozobiç, “İnter”dən də Rauf Əliyev hərəyə 11 top vurmuşdu. Bu rəqəm baş tutan bütün çempionatlar tariximizdə ən bərbad göstəricidir.

2010-cu ildən bu tərəfə boylansaq, 2012/13 və 2013/14 mövsümləri nisbətən yaxşı keçib. Belə ki, 2013-cü ildə “Neftçi”dən Nikolas Kanales 26, növbəti mövsümdə “Qarabağ”dan Reynaldo 22 qol vuraraq diqqət mərkəzinə düşmüşdü. Həmin dövrdən bəri isə vəziyyət acınacaqlı idi.

İndi də keçək, bunun səbəblərini müəyyənləşdirməyə. Doğrusu, burada səbəbləri çeşidləməyə ehtiyac yoxdur. Çünki klublarımız əvvəlki illərdə olduğu kimi, sandığı açıb pulu havaya sovura bilmirlər. Doğrudur, sandıq açıq olanda da müəyyən problemlər gözə girirdi. Məsələn, heyət başdan-başa legionerlərlə zəngin olurdu, hamısı da keyfiyyətli çıxmırdı. Amma bəzi klubların belə desək, “tutuzdurduğu” oyunçular olurdu. Elə “Neftçi”dən Bahodir Nasimov, “Karvan”dan Yakubu Bamba, “İnter”dən Valter Quqlemon, “Neftçi” və “Qarabağ”da oynamış Georgi Adamiya və başqalarını nümunə gətirmək olar.  Kanaleslə Reynaldo da ki, öz yerində. Amma indi “Qarabağ” belə son illər Reynaldo və ya Ndlovu kimi “partladan” hücumçular gətirə bilmir.

Bu problemlərin ikinci səbəbi isə komandaların müdafiəyə meyilli oynamasıdır. Doğrudur, konkret hansısa komandanı “avtobus” futboluna görə qınaya bilmərik. Amma hücum futbolu oynayan komandalar belə 2 top fərqi ilə öndə olduğu vaxtlar bir qədər arxaya diqqət ayırmağa üstünlük verir.  Bunu Azərbaycanda oynayan istənilən legionerin dilindən eşitmək olar. Kimi dindidirsənsə, burada oyun mentalitetinin fərqli olduğunu söyləyir. Həqiqətən də, bizim futbolçuların çox da hücum zehniyyəti yoxdur. Bura gələn legionerlər də bu strategiyanın təsiri altında əriyir.

Amma mövsümlər üzrə qiymət verməli olsaq, hər ilin özünəməxsus şəraitinin olduğunu da demək olar. Məsələn, Azərbaycan çempionatında hər mövsüm ancaq legioner futbolçunun və ya əksinə yerli hücumçuların “qolçomaqlıq” məharətini göstərdiyini demək olmaz. Demək olar ki, bir il yerli futbolçu bombardir olursa, o biri il legioner səhnəyə çıxır.

Keçmişi bildik, bəs gələcək haqqında nə proqnoz verək? Bu mövsümə nəzər salsaq, “Qarabağ”ın timsalında fərq görəcəyimizi deyə bilərik. Qurban Qurbanov 9 il öncə qabartdığı problemi sanki məhz indi öz komandası vasitəsi ilə həll edə bilib. Mövsüm hələ yarılanmayıb, “Qarabağ”dan Ramil Şeydayevlə Musa Qurbanlı sözün yaxşı mənasında kəmərlərinin altını bərkidiblər. Hazırda Ramilin aktivində 13 qol varsa, Musa 11 dəfə rəqib torunu silkələyib. Maraqlı məqam ondan ibarətdir ki, Şeydayev “Qarabağ”da mərkəz hücumçusu kimi oynamırsa, Musa ideal start heyətinin bir parçası deyil. Amma bir məqamı da vurğulayaq ki, Ramil komandanın ştatlı penalti vuran oyunçusudur. Bu mənada penaltilər də onun dadına çatır.

загружено 3 - Futbolinfo.az

Bombardirlər yarışında mübarizəyə qoşulan “Neftçi”nin yarımmüdafiəçisi (!!!) Emin Mahmudov da 9 qolla 3-cü sırada qərarlaşıb. Hərçənd, Emin də penalti məsələlərinə “baxır”. Amma bunu qola çevirmək də asan iş deyil. Klublar adına xoş olmasa da, futbolumuz adına o yaxşıdır ki, Ramillə Musa “Qarabağ”da əsas hücumçu Ovusu Kvabenanı, Emin isə “Neftçi”də Qodsvey Donyonu geridə qoyur. Adlarını çəkdiyimiz bu 3 futbolçu milli komanda da öz məharətini nümayiş etdirə bilir. Millətlər Liqasında son 3 tur və ardıcıl 2 yoldaşlıq oyununda bunların bəhrəsini gördük.

Təbii ki, bütün bu deyilənlər nisbidir. Hər şey klubların seleksiya planlarından asılıdır. Bu mövsümə baxıb gələcəkdə işlərin daha da yaxşı olacağını söyləmək çətindir. Futbol dəyişkən oyundur, hər günün öz hökmü var. Belə baxanda, Azərbaycan çempionatında bombardir olmaq böyük qəhrəmanlıq deyil. Hücumçularımızı ölkə xaricinə çıxartmaq lazımdır. Gözümüzü Zaqreb “Dinamo”sunda Mahir Emreliyə dikmişik, o da…

AĞA

Shares: