“Turan Tovuz”un ingiltərəli hücumçusu Natan Oduvanın futbolinfo.az saytına müsahibəsi

– Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Kəpəz”i səfərdə 2:1 hesabı ilə məğlub etdiniz. Nəticə ilə yanaşı, sərgilənən oyunu da aktivinizə yazmaq olar?

– Cavab matçı öncəsi üstünlüyə yiyələnmək xoşdur. Qələbə qazanmağımıza baxmayaraq, mübarizə hələ bitməyib. Qarşıda bu rəqiblə bizi daha bir 90 dəqiqəlik görüş gözləyir. “Kəpəz” Gəncədəki qarşılaşmada bizi çətin vəziyyətə saldı. Əminəm ki, Tovuzdakı görüşdə də belə olacaq.

– “Kəpəz” erkən qol vurdu, qazandığı penaltini qaçırdı. Birinci hissədə zəif çıxış etməyiniz nə ilə bağlı idi?

– Məncə, birinci hissədə o qədər də pis oynamadıq. Qol vurmaq üçün şanslarımız da oldu. Sadəcə, fasiləyə qədər bu imkanları dəyərləndirə bilmədik. Əvəzində ikinci yarıda istədiyimiz qolları vurduq. Fərq onda idi ki, ikinci hissədə daha aqressiv oynadıq. Çünki ilk yarıda qol şansları yaratdığımızı görürdük. Sadəcə, onları məntiqi sonluğa çatdırmaqda çətinlik çəkirdik.

– Meydançanın vəziyyəti çox pis görünürdü. Belə arenada oynamaq zədə riski yaratmır?

– Biz belə şeylərə fikir vermirik. Bizim işimiz meydana çıxıb öz oyunumuzu sərgiləmək və qələbə qazanmaq üçün çalışmaqdır.

– Qış fasiləsi öncəsi Premyer Liqanın son iki turunda “Neftçi” və “Qəbələ” ilə qarşılaşacaqsınız. Nəyə ümid edirsiniz?

– Təkcə növbəti iki oyunda deyil, hər matçda qələbə qazanmağı hədəfləyirik. “Neftçi” və “Qəbələ”nin yüksək keyfiyyətə malik komanda olduqlarını bilirik. Onlardan xallar almaq üçün çox mübarizə aparmalı olacağıq.

– Tovuz həyatına uyğunlaşa bilmisiniz, yoxsa Bakıda yaşamaq daha rahatdır?

– Futbolçunun həyatı adaptasiyadan ibarətdir. Fikrimcə, bütün əcnəbi futbolçular Tovuzda yaşamağa qısa müddətdə kifayət qədər yaxşı uyğunlaşdılar.

– Hazırda “Tottenhem”də Harri Keynlə hücumda tandem təşkil edə bilərdiniz. Karyeranızda hansı səhvi həlledici sayırsınız?

– Bunun səhv olduğunu düşünmürəm. Məncə, yalnız öhdəsindən gələ biləcəyiniz məqamlara diqqət yetirməlisiniz. Qalanını həyatın axarına buraxmaq lazımdır.

– Azərbaycanın bir neçə klubunun maraq dairəsinə düşmüsünüz. Yanvarda komandanızı dəyişə bilərsiniz?

– Açığı, indiyə qədər nə Azərbaycandan, nə də digər ölkələrin klublarından transfer təklifi almışam. Hazırda bütün diqqətimi “Turan Tovuz”un oyunlarına yönəltmişəm.

– İngiltərə, Şotlandiya, Sloveniya, Danimarka, İsrail və İrlandiyada çıxış etmisiniz. Azərbaycan futbolu digərlərindən nə ilə fərqlənir?

– Deyərdim ki, Azərbaycan futbolunda hər şeydən bir az var. Elə komandalar mövcuddur ki, taktiki, texniki və fiziki cəhətdən yaxşı oynayırlar. Premyer Liqadakı komandalardan hər şeydən bir az əldə edirsiniz.

– İngiltərə yığmasının dünya çempionatındakı çıxışı sizi məyus etmədi?

– Düşünürəm ki, İngiltərə yığması bu turnirdə kifayət qədər yaxşı çıxış etdi. Lakin Fransa millisinin keyfiyyəti göstərdi ki, komandamız yarışa hələ tam hazır deyil. Böyük fərq oyunu idi və belə şəraitdə turniri tərk etmək məyusedici oldu. Afrikanın bayrağını dalğalandırdıqları üçün Mərakeş yığmasını da dəstəkləyirdim. Onların heyətində mənim bir dostum var.

– Kim?

– Yarımmüdafiəçi İlias Çair.

– Lionel Messinin, nəhayət ki, dünya çempionu olmaq şansını necə görürsünüz?

– Argentina yığmasının çempionluğu pis olmaz. Çünki Messi dahi futbolçudur və buna layiqdir. Şəxsən mən onun çempion olmasına sevinərəm.

ABBAS

Shares: