Bu gün “Neftçi” ilə 17-ci turun bağlanış matçına çıxacaq “Turan Tovuz” xal ehtiyatını artırmağa çalışacaq. Komandanın hücumçusu Natan Oduva isə qələbə istəyir.
İngiltərəli oyunçu “Futbolinfo”ya müsahibəsində qış fasiləsinə qədər qalan 3 oyunda maksimum nəticə qazanmaq istədiklərini deyib: “Təkcə növbəti iki çempionat oyununda deyil, kuboku da saysaq, hər matçda qələbə qazanmağı hədəfləyirik. “Neftçi” və “Qəbələ”nin yüksək keyfiyyətə malik komanda olduqlarını bilirik. Onlardan xallar almaq üçün çox mübarizə aparmalı olacağıq”.
Oduva mövsümə Qərb təmsilçisində yekun vurmaq niyyətindədir: “Açığı, indiyə qədər nə Azərbaycandan, nə də digər ölkələrin klublarından transfer təklifi almışam. Hazırda bütün diqqətimi “Turan Tovuz”un oyunlarına yönəltmişəm”.