Fransa millisi Mərakeşlə oyunda hesabı açarkən oyunu uduzmayacağı bəlli idi. Statistika məhz bunu diqtə edirdi.
Futbolinfo.az xəbər verir ki, fransızlar Dünya Çempionatları tarixində ilk hissəsini qalib başa vurduğu matçların heç birində uduzmayıb. Dünənki yarımfinal görüşünə kimi reallaşan 25 matçın 24-də yekun qələbəni təmin edən “xoruzlar”, yalnız 1 dəfə heç-heçə etmişdi. İndi artıq bu rəqəm 26-ya bərabərdir.
2:0 hesabıyla başa çatan oyunda son nöqtəni qoyan Randal Kolo Muani isə bu matçı unutmayacaq. 79-cu dəqiqədə oyun girib saniyələr sonra topa ilk toxunuşundaca qol vuran hücumçu millidə cəmi 4-cü matçını keçirirdi. İlk qolun Dünya Çempionatının yarımfinal matçına təsadüf etməsi başqa bir xoşbəxtlik olmalıdır.
Amma Randal oyuna sonradan girib qol vurmağı ən tez bacaran futbolçu deyil. Kolo Muani bunu 44 saniyəyə bacardısa, DÇ-2002-də uruqvaylı Riçard Morales oyuna çıxdıqdan 16 saniyə sonra Seneqala qol vurmuşdu. İkinci pillədə danimarkalı Ebbe Sanddır. Ona DÇ-98-də Nigeriyanı məyus etmək üçün 26 saniyə bəs etmişdi.