Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Polşa yığmasında işləmək ehtimalı ilə bağlı danışıb.
Futbolinfo.az xəbər verir ki, italiyalı mütəxəssis bu ölkənin mətbuatına açıqlamasında Polşa Futbol Assosiasiyasının sabiq prezidenti Zbiqnev Boneklə əvvəl bir neçə dəfə danışıq apardığını xatırladıb:
“Həmişə birbaşa əlaqə saxlamışıq. Bu, heç vaxt vasitəçilərlə olmayıb. Danışıqların tarixlərini xatırlamıram. Çünki o vaxtdan sonra mənim başıma çox şey gəlib. Polşa millisindən bir addım uzaqda idim. Digər federasiyalar və klublarla danışmışam. Amma dediyim kimi, bir neçə dəfə əlaqə saxlamışıq”.
Yerli assosiasiya məsələyə qısa münasibət bildirib. Qurum son saatlarda belə siqnallar aldıqlarını vurğulayıb.
Xatırladaq ki, Canni De Byazi ilə yanaşı polşalı mütəxəssislər Maçey Skorja, Marek Papşun və ukraynalı Andrey Şevçenko da namizədlərdən hesab edilir. PZPN müqavilə müddəti ilin sonuna qədər olan hazırkı baş məşqçi Çeslav Mixneviçlə yeni sözləşmə imzalanmayacağını açıqlayıb.