Mərakeş millisinin üzvü Sofyan Amrabat diqqəti üzərinə çəkib. Dünya Çempionatında əla oyun sərgiləyən dayaq yarımmüdafiəçisi transfer bazarının “yağlı tikə”lərindən biridir.
Futbolinfo.az xəbər verir ki, Amrabat daha çox İspaniyada müzakirə edilir. Amma o, “Barselona” və “Atletiko”nun marağına önəm vermir: “Belə komandaların hədəfində olmaq qürurvericidir. Amma mən “Fiorentina”nın oyunçusuyam. Klubuma hörmətsizlik etmərəm. Əla bir komandadayam, çox yaxşı baş məşqçim var, rəhbərliklə gözəl münasibət qurmuşuq”.
Futbolçu “Atletiko”nun baş məşqçisi Dieqo Simeonenin onun kimi yarımmüdafiəçiləri sevməsinə də münasibət bildirib: “İtaliya klubunda da məni sevən məşqçim var. Başqaları haqqında danışmağı xoşlamıram. Simeonenin Madriddə etdikləri inanılmazdır, uzun illərdi burada işləyir. Onun oyun stilini bəyənirəm. Lakin “Fiorentina”da xoşbəxtəm”.