Qələbəyə sevinmək “Neftçi”nin haqqıdır. Komanda Tovuzda vacib 3 xal qazanıb turu yekunlaşdırdı. Amma…

…Amma göstərilən oyuna görə qalibi mühakimə etmək lazımdır. Normalda buna ehtiyac duyulmur, bakilılar isə o qədər bərbad oynadı ki, nəinki mühakiməyə, ciddi tənqidə ehtiyac var.

“Turan Tovuz” böyükhesablı qələbə qazanmadısa, əldən verdiyi şanslara görə özünü qınamalıdı. Runi Evanın qaçırdığı yüzfaizli epizodlar, 2 dəfə dirəyə tuş gələn zərbələr – “Neftçi”nin bəxti ayaq üstə idi. Yeganə qolun vurulduğu penalti isə meydan sahiblərinin gənc müdafiəçisinin təcrübəsizlikdən irəli gələn səhvi idi.

“Neftçi”nin xüsusilə birinci hissədə sərgilədiyi futbol faciəvi idi. Komanda orta sahədə top saxlaya bilmir, bütün futbolçular təkbətək mübarizələri uduzurdu. Ümumiyyətlə, komanda oyunu gözə dəymirdi, xaotik futbol bir yana, oyunçularda sanki mübarizə əzmi yox idi. Laurentsiu Regekampf sanki komandanın ruhunu məhv edib, futbolçularda qələbə istəyi gözə dəymirdi.

Yaxşı müdafiə olunub əks-hücumlarda nicat axtarmasına öyrəşdiyimiz “Turan Tovuz” bu gün fərqli futbol oynadı. Rəqibin yaratdığı imkana görə idi ki, qərblilər bütün oyunu hücumda keçirdi. Natan Oduva rəqib müdafiəsini təkbaşına darmadağın etdiyi halda qol vura bilməmək artıq futbolçuların ustalıq səviyyəsinə bağlı olan məsələdir. Necə ki, Eva boş qapını nişan ala bilməməklə rəqibə cəsarət verdi.

İstənilən halda, “Neftçi” qalib gəlib 2-ci pillədəki “Sabah”la xal fərqini azaltdı. Amma bakılılar bu qələbəyə sevinəcəksə, yalnız özünü aldadacaq. Komanda son illərin ən bərbad futbolunu oynayır, belə davam ediləcəksə, son ümid olan kubokda yarımfinala vəsiqə qazanmaq arzusu çətin ki, reallaşsın. Bakı klubunun rəhbərliyi növbəti iki matçın nəticəsini gözləmədən indidən qəti qərarlarını verməlidi. Adı hər gün bir rumın klubu ilə yanaşı çəkilən Regekampf “Neftçi”ni böyüdəcək, yenidən toparlayacaq məşqçi deyil. Qış transferlərini bu adamın arzuları əsasında həyata keçirmək hətta növbəti mövsümü də itirmək demək olacaq.

FƏRİD

Shares: