“Sabah”ın baş məşqçisi Murad Musayev Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Səbail”ə qarşı keçirdikləri cavab oyununu (0:1, ilk oyun 2:3) şərh edib.

Futbolinfo.az xəbər verir ki, rusiyalı mütəxəssis matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Böyük üstünlüyə malik idik. 90 dəqiqə rəqibi təzyiq altında saxladıq. Biz birinci qolu vurmalı idik ki, oyun açılsın. Bu gün futbolçularımı qınaya bilmirəm. Çünki, onlar meydanda əllərindən gələni etdilər. Amma nəticənin belə olmasında özümüz günahkarıq. Birinci matçda belə hesab olmamalı idi ki, bu gün “Səbail” özünü bu cür rahat hiss etsin. Mövsümün indiki hissəsini əvvəlindən pis keçirdiyimizi deyə bilərik. Hər dəfə deyirəm ki, bizim üçün önümüzdəki oyun önəmlidir. Hədəf qarşıdakı “Sumqayıt”la matçdır. Ola bilər ki, komandada yorğunluq var. Amma bu, daha çox psixoloji yorğunluqdur. İlin son oyunu üçün özümüzdə güc tapmalıyıq. Hesab edirəm ki, gücümüz çatmalıdır. Qırmızı vərəqələr də bizim oyunumuza çox təsir edə bilər. Azlıqda qalanda meydanda olan futbolçular qırmızı vərəqə görənin də yerinə işləməli olurlar. Bu da yorğunluğa gətirib çıxarır. Nəticələrin pis olmasında günahkar futbolçular və məşqçilərdir. Əvvəllər aqressiv şəkildə rəqibləri sıxıb istədiyimiz nəticələri əldə edirdiksə, indi bu aqressiya yoxdur. Bunu yenidən geri qaytarmaq lazımdır”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp