Sürpriz yarımfinalçılar var, deməli, sürpriz finalçı da olacaq. Çünki dünən ¼ final mərhələsini adlayan komandalar bir-birinə rəqib olmaqla daha irəli getmək üçün real şans qazandılar.

Bəlkə də həlledici oyuna “Qəbələ” vəsiqə qazansa, sürprizdən danışmalı olmayacağıq. Bu yarışda kifayət qədər təcrübəsi olan, oyunu ilə də seçilən bölgə təmsilçisinin “Qarabağ”ı sıradan çıxarması sürpriz sayıla bilər, amma final onlara da yaraşar.

İstənilən halda, ¼ finalın ilk iki oyununda proqnozlaşdırılan nəticələr qeydə alınmadı. “Qarabağ”ın bu mövsüm ölkədaxili yarışlarda ilk məğlubiyyətini alması xüsusilə diqqət çəkdi. Normalda ağdamlıların hansısa oyunda büdrəməsi qeyri-adi bir şey deyil, amma yenilginin 420 gündən sonra gəlməsi istər-istəməz olayın çəkisini artırır. “Qarabağ” daha tez-tez uduzsaydı, bu nəticə belə təəccübləndirməzdi.

“Qəbələ” “Qarabağ”la ardıcıl 3 oyundan sağ çıxdı. Matçlardan ikisinin Suraxanıda keçirildiyini nəzərə alsaq, qeydə alınan ümumi 3:3 hesabı normal sayılmalıdı. Çempionatda ağdamlılar hesabına 3 xal yazdırdısa, kubokda “qırmızı-qaralar” məqsədinə çatdı. Amma heyət zənginliyindəki fərqə baxsaq, Elmar Baxşıyevin yetirmələrinin çətin vəzifənin öhdəsindən gəldiyini qeyd etməliyik.

Xüsusilə Baxşıyevə tərif deməyə dəyər. O, yetirmələrinin qüvvəsini doğru böldü və istəyinə çatdı. Hiss olunur ki, komandanın eniş dövrü bitib və ardıcıl çətin oyunlarda “Qəbələ” sınmadı. O, sabit heyətlə ağdamlıların ən pis məqamından maksimum faydalanmağı bacardı. İndi bölgə təmsilçisi avrokuboklara yollanmaq üçün daha bir real imkan qazandı. Kubokda məğlubiyyət komandanı çempionata möhtac qoyacaqdısa, qışdan sonra daha ciddi mübarizə görəcəyik. Çunki hətta 4-cü yer də avrokuboklara vəsiqə verməyə bilər. Bu baxımdan “Zirə” də yarımfinala adlamağa məhkum oldu.

“Qarabağ”da itkilərlə bağlı vəziyyət aydındır, futbolçular ağır mövsümün yorğunluğu altında əzilir. Amma Qurban Qurbanov dünən əsas oyunçuları ehtiyatda saxlamaqla bəlkə də lazımsız rotasiya etdi. Ola bilsin, komanda kuboku yox, çempionatı əsas məqsəd hesab etdiyindən, güc “Səbail”lə ilin son tur matçına saxlandı. Məşqçilərin seçimidir, dəqiq olan bir titulun əldən getməsidir.

Maraqlıdır ki, Premyer Liqanın digər lideri də yaxşı günlərini yaşamır. “Sabah” ardıcıl 4 oyundur qələbə qazanmır və bu, ciddi siqnal sayılmalıdır. Sanki komanda köhnə günlərinə qayıdıb və tərif yağdırdığımız Murad Musayev də böhran şəraitini idarə etməyi bacarmır. Komandada eniş ola bilər, lakin bu şəkildə çökmə olmamalıydı.

İlk baxışdan “Sabah” yenə normal futbol oynayır, topa daha çox sahib olur, daim hücum edir. Lakin qol vəziyyətlərinin reallaşdırılmasında ciddi problemlər var, üstəlik, müdafiədə çox ucuz səhvlər buraxılır. Problemlər qalaqlanır, təcili həll edilməsə, böyüyəcəyinə ümid etdiyimiz daha bir komanda üçün təəssüflənəcəyik. Ya rəhbərlik səviyyəsində vəziyyətə müdaxilə edilməlidi, ya da Musayev yanlışları düzəltməlidi.

“Sahah” top fərqində, penalti seriyasında uduzsaydı, bunu təsadüfə bağlamaq olardı. “Səbail” hər iki oyunda qalib gəlibsə, deməli, problemlər sadə deyil.

“Səbail” kubokda ən yaxşı nəticəsinə turnir cədvəlində sonuncu pillədə ikən imza atdı. Təkcə elə bu fakt göstərir ki, yarımfinala yüksəlmək Bayıl təmsilçisinin uğuru yox, “Sabah”ın uğursuzluğunun nəticəsidir. Mahmud Qurbanov bu qələbə ilə karyerasını daha bir neçə ay uzada bildi. Tətbiq etdiyi cəza sistemi gayda verirsə, bildiyi kimi davam etsin. Lakin epizodik qələbələr davamlı uğurun açarı ola bilməz.

Bu nəticə Mahmud bəyə bir müddətlik zaman qazandırdı, indi “Səbail” rəhbərliyi onu yola salmağa risk etməyəcək. Qışdan sonrakı peşmançılıq isə fayda verməyəcək. Qurbanov günün qalibidir, ümid edək, mövsümün məğlubu olmasın. Aleksandr Kerjakov kimilərin gəlməsindənsə, yerli məşqçinin işləməsi daha yaxşıdır. Bir şərtlə ki, o da tənqidlərə burun qaldırmasın, nəticə çıxarsın, özünü təkmilləşdirsin.

“Qarabağ”la “Qəbələ”nin sıradan çıxmasından sonra ölkə kubokunda mübarizə daha maraqlı olacaq. Həm Qərb, həm də paytaxt derbisində bu gün üz-üzə gələcək komandalar titulu qazanmaq üçün əvvəlkindən daha çox şans qazandıqlarının fərqindədirlər. Əsas favoritlər yoxdur, ona görə ikinci cəbhənin önəmi artdı. Layiq olan qazansın.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp