Qazaxıstanın Almatı şəhərində şahmatçılar arasında rapid üzrə dünya çempionatı başa çatıb.

Futbolinfo.az xəbər verir ki, kişilərin yarışında 10, 11, 12 və 13-cü turun görüşləri, qadınların mübarizəsində 9, 10 və 11-ci turun qarşılaşmaları keçirilib.

Turnirdə Azərbaycanı Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vasif Durarbəyli, Vüqar Əsədli, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Abdulla Qədimbəyli, Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gövhər Beydullayeva və Ləman Hacıyeva təmsil ediblər.

Kişilərin yarışında günün ən yaxşı göstəricisinə Durarbəyli, Muradlı və Əsədli imza atıblar. Hər üç qrossmeyster 3 qələbə, 1 heç-heçə ilə xal ehtiyatını artırıb. Süleymanlı, Qədimbəyli və Məmmədov 2 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət, Məmmədyarov isə 1 qələbə, 2 heç-heçə, 1 məğlubiyyətlə diqqət çəkiblər. Məmmədyarov və Əsədli bir qələbəni Ermənistan təmsilçisi üzərində qazanıb.

Azərbaycan şahmatçılarından turnir cədvəlində ən yüksək yerdə Rauf Məmmədov qərarlaşıb. O, 8.5 xalla 12-ci yeri tutub. Yarışı 8 xalla tamamlayan Məmmədyarov 29-cu, Əsədli 33-cü, 7.5 xala malik Süleymanlı 47-ci, Durarbəyli 50-ci, 7 xal toplayan Muradlı 78-ci, Qədimbəyli isə 82-ci yerdə bitirib. Norveçli Maqnus Karlsen 10 xalla birinci yerə layiq görülüb.

Qadınların mübarizəsində Məmmədzadə və Hacıyeva 2 qələbə, 1 məğlubiyyət, Beydullayeva 1 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət, Məmmədova 1 qələbə, 2 heç-heçə, Fətəliyeva ilə Balacayeva isə 1 qələbə, 2 məğlubiyyətlə yadda qalıb.

Qadınlardan aktivində 7 xal olan Məmmədova 16-cı, 6 xala malik Məmmədzadə, Balacayeva və Hacıyeva müvafiq olaraq 33, 34 və 37-ci, Fətəliyeva 5.5 xalla 45-ci, eyni xala malik Beydullayeva isə 51-ci yeri tutub. Çinli Tan Çjunyi 8.5 xalla yarışın qalibi olub.

Dekabrın 29-da blits üzrə dünya çempionatına start veriləcək. Mükafat fondu 1 milyon ABŞ dolları olan mundialda 258 qrossmeyster (155 kişi, 103 qadın) mübarizə aparır.

Shares: