Son bir neçə ildə Azərbaycan Premyer Liqasında çıxış edən komandaların hamısı fasilə dönəmində təlim-məşq toplanışını ölkə kənarında keçirə bilmirdi. Buna səbəb son illər Azərbaycan futbolunda maliyyə problemlərinin yaşanması idi. Pandemiya üzündən qapanmalar öz yerində, əksər klubların əlavə xərcə düşməyə imkanı da yetmirdi, Bakıda, Qəbələdə hazırlıq keçməklə kifayətlənirdilər.
“Xəzər Lənkəran”, “Bakı” və “İnter” kimi varlı klubların səhnədən çəkilməsindən sonra AFFA-nın bəzi klubları “özəlləşdirərək” onları “sədəqə ilə” böyütməsi vəziyyəti köklü şəkildə dəyişdi. Yalnız müəyyən mənada müstəqil olan klublar Antalya yolu tutmağa başladı. Pullarına bir qədər qənaət edənlər yalnız yayda xaricə üz tutmaqla kifayətləndi.
Əslində, qışda Türkiyənin isti bölgələrinə yollanan komandalar oradan vətənə “əjdaha” kimi qayıtmır. Qardaş ölkədəki toplanışın ardınca mövsümün ikinci hissəsində bunun bəhrəsini görə bilməyən xeyli komandanı nümunə gətirə bilərik. Yəni, dəyişən bir şey olmur. Amma bu o demək deyil ki, ölkə xaricində hazırlıq keçmək komandaya heç nə vermir. Əvvəla, peşəkarlıq nöqteyi-nəzərindən bu çox yaxşı məqamdır. İkincisi, orada xarici klublarla oynayarkən “əgər-əskikliklər”ini çox yaxşı görürsən. Üçüncüsü də ki, oradakı mükəmməl bazalarda məşq oyunçuların inkişafına təkan verir. Dördüncü məqam kimi hava şəraitini qabarda bilərik. Yanvarda Bakının havasının ipinə odun yığmaq olmur. Şaxtalı havalarda normal hazırlıq prosesi problemə çevrilir. Türkyiyədə isə bu aylarda yağış daha klubları narahat edir, onda da yuxarıda sadalanan digər məqamların hesabına bunu sığorta edə bilirsən.
Bu yazını hazırlamaqda məqsədimiz komandalarımızın sparrinq-rəqiblərinin statusunu müəyyənləşdirməkdir. Belə bir məsələ var: dostunu göstər, deyim, sən kimsən. Bunu Türkiyədəki hazırlığa şamil etsək, rəqibə görə komandalarımızın necə hazırlıq keçdiyini, mövsümün ikinci yarısına necə hazırlaşdığını qismən müəyyənləşdirə bilərik. Ona görə də bu yazıda xəyali olaraq klublarımızla birgə Türkiyəyə səfər edəcəyik.
Yanvarın 4-dən 23-nə qədər Antalyada məskunlaşacaq “Qarabağ” Polşanın “Poqon” və “Rakuv”, Serbiyanın isə “Çukariçki” klubları ilə qarşılaşacaq. Elə “Qarabağ”a da bu rəqiblər yaraşır. Polşa futbolu üzrə “ixtisaslaşan” Ağdam klubunun məhz bu iki komandayla razılıq əldə etməsi mütərəqqi addımdır. Marek Papşunun rəhbərliyi altında son illər Polşa çempionatında böyük inqlab edən Çenstoxova təmsilçisi hazırda 41 xalla liqanın lideridir. Özü də ən yaxın izləyicisi “Legiya”dan 9 xal öndədirlər. “Poqon” isə 29 xalla 4-cü pillədədir və avrokubok zonasında qərarlaşan “Vidzev”lə eyni göstəriciyə malikdir. Elə “Çukariçki” də Serbiya çempionatında 35 xalla 4-cü pillədə qərarlaşıb. Göründüyü kimi, “Qarabağ”ın dilinə görə dilçəyi, yəni özünə görə rəqibləri var.
Polşada bu mövsüm inqlabı “Rakuv” edibsə, Azərbaycanda da “Sabah” üsyankarlığı ilə yadda qalıb. Bu üsyanı inqlaba çevirmək üçün isə “Qarabağ”ı geridə qoymaq lazımdır. Bunun üçün təlim-məşq toplanışını yüksək səviyyədə keçirmək lazımdır. “Sabah”ın Antalyada doğru sparrinq seçməsi də haradasa öz faydasını verə bilər.
Komandaların öz çempionatında mövqeyinə baxanda “Sabah”ın heç də tam olaraq uğurlu rəqiblər seçmədiyini görərik. Belə ki, “Varta” Polşa çempionatında 25 xalla 9-cu yeri tutub. Hərçənd bu komandanı avrokubok zonasından 4 xal ayırır. “Voyvodina” isə Serbiya çempionatında 33 xalla 5-ci yerdə qərarlaşıb və bu komanda liderdən 20 xal geridədir.
Çempionluq uğrunda mübarizədən qopan və “Sabah”a belə çatacağı inandırıcı görünməsə də, “Neftçi”nin kubokda yolu açıq görünür. Bunun üçün isə komanda mövsümün ikinci hissəsinə ciddi hazırlaşmalıdır. “Neftçi”nin sparrinq siyasətini də “Qarabağ”la “Sabah”ın sintezi saymaq olar. “Ağ-qaralar” Antalyada Macarıstanın “Kişvarda”, Polşanın “Visla Plotsk” və Bolqarıstanın “MOİK 1948” klubları ilə qarşılaşacaq. Adını çəkdiyimiz sonuncu klub Sofiyanın məşhur MOİK klubu deyil. Bu komanda 2019/20 mövsümündə elitaya yüksəlib və hazırda 36 xalla 3-cü pillədə qərarlaşıb, lider olan “adaş”ından 8 xal geridədir. “Visla Plotsk” da 28 xalla 5-ci yeri tutub. Hər halda, ikinci yerdəki “Legiya”dan 4 xal geridə olmaq pis nəticə deyil. Macarıstanın “Kişvarda” komandası isə 25 xalla 3-cü yerdə qərarlaşıb və lider “Ferentsvaroş”dan 9 xal geridədir. Əslində, “Neftçi” həmişə uğurlu sparrinq rəqib seçməsi ilə diqqət çəkib.
Premyer Liqamızda 4-cü yerdə qərarlaşan “Zirə” özünə münasib rəqiblər tapıb desək, bir qədər mübaliğəyə yol verərik. Hər halda, Macarıstanın II liqasında oynayan “Seqed Çanad” klubunu ciddi rəqib kimi qələmə vermək olmaz. Amma bu liqada “Dioşgyor”, MTK və “Haladaş” kimi komandalar da mübarizə aparır. “Seqed Çanad” isə 35 xalla 4-cü yerdədir və elitaya yüksəlmək uğrunda döyüşür. Elə Rumıniyanın “Çindia” klubunu da sanballı rəqiblərlə eyni sırada tutmaq olmaz. Komanda 21 xalla 12-ci yerdədir və “düşmə zonası”nda olan rəqiblərinin “isti nəfəsi”ni hiss edir. Serbiyadakı “Radniçki” isə 25 xalla 8-ci yerdədir – nə avrokuboklara iddialıdır, nə də düşmə təhlükəsi yaşayır.
“Qəbələ” isə Antalyada cəmi iki komanda ilə qarşışacaq. Bunlardan biri Rumıniya çempionatında 6-cı yerdə qərarlaşan (avrokuboklar zonası) “Sepsi”dirsə, digəri Çexiyada 12-ci yeri tutan “Teplitse”dir. Gördüyünüz kimi, statusuna görə bir-birinə bənzəməyən 2 fərqli rəqib.
Mövsümün debütantı olmasına baxmayaraq, turnirin cədvəlinin ortalarında qərarlaşan və kubokda “Neftçi” və “Qəbələ” kimi yoluna davam edən “Turan Tovuz” isə Türkiyədə 3 rəqiblə qarşılaşacaq. Amma Qərb təmsilçisi hələ ki, Rumıniyanın “Petrolul” klubu ilə anlaşıb. Bu komanda hazırda öz ölkəsində 30 xalla 7-ci yerdədir və avrokuboklar uğrunda mübarizə aparır. Tovuzlular adına pis rəqib deyil.
Qərb regionundan söz düşmüşkən, Premyer Liqada 9-cu yeri tutan “Kəpəz” də “Turan Tovuz” kimi hələ də rəqiblərini tam müəyyənləşdirə bilməyib. Tovuzlular heç olmasa birini tapıbsa, “Kəpəz” axtarışdadır.
Bu mənada “Şamaxı”nı alqışlamaq lazımdır. Artıq neçə vaxtdır ki, bu komandanın Antalyadakı rəqiblərinə aydınlıq gəlib. Özü də Vüqar Əsgərlinin komandası çempionatımızın digər 9 komandası ilə müqayisədə 4 rəqiblə oynayacaq. “Şamaxı” yanvarın 11-də səhər Qazaxıstanın “Kaysar”, axşam isə Rumıniyanın “Botoşan” komandaları ilə qarşılaşacaq. Adətən, belə olanda klublar iki fərqli heyətlə oynayır. Komandaların tanıtımına gəlincə, “Kaysar” gələn il start götürəcək yeni mövsümdə çempionatda debüt edəcək. Bu komanda ötən mövsüm “Okjapets”lə birgə elitaya yüksəldi. “Botoşani” isə Rumıniya çempionatında düşmə təhlükəsi yaşayır – 21 xalla 13-cü yer. “Şamaxı”nın digər rəqibləri isə Serbiyada 19 xalla 10-cu yerdə gedən “Napredak” və elə Çexiyada da 20 xalla 10-cu pilləni tutan “Banik”dir.
“Sumqayıt” da Antalyada 3 sparrinqlə qarşılaşacaq. Amma hələ ki, bu komandanın Macarıstan təmsilçisi “Mezekeveşd”lə oynayacağı dəqiqdir. Bu klub da 12 komandalıq çempionatda 16 xalla 9-cu yerdə qərarlaşıb və onlar sonuncu yerdə olan kollektivdən 1 xal öndədirlər. Tam “Sumqayıt”ın özünə görə komanda.
Nəhayət son günlər çalxalanan “Səbail”. Çempionatda sonuncu yeri tutmasına baxmayaraq, kubokda “Sabah” kimi rəqibi məğlub edib yarımfinala çıxan “dənizçilər” Türkiyəyə yeni “gəmi kapitanı” Şahin Diniyevlə yollanacaq. Özü də bu komanda qardaş ölkədə Polşa çempionatında 2-ci yerdə gedən “Legiya” ilə qarışlaşacaq. Çexiyada 22 xalla 7-ci yerdə gedən “Bohemians” da yetərincə ciddi rəqibdir. “Səbail”in digər rəqibi isə Serbiyada 18 xalla 11-ci yeri tutan “Spartak Subotitsa” komandasıdır.
Təbii ki, mütləq güclü rəqiblərlə oynamaq şərt deyil. Bəzən istədiyin rəqibi tapmaq olmur, başqa ölkələrin komandaları da bizimkilər kimi güclü komandalar axtarırlar. Eyni zamanda baş məşqçilərin seçimləri də fərqli olur. Elələri var ki, toplanışa zəif rəqiblə başlayır, hazırlıq müddətindəki yükləməyə uyğun olaraq tempi qaldırır və ya əksinə, zəif rəqiblə sonda oynayır, qalib gəlib əhval-ruhiyyəni düzəltməyə çalışır.
Ümid edək ki, komandalarımız bu toplanışlardan səmərəli istifadə edəcək və biz mövsümün ikinci hissəsində daha maraqlı çempionat izləyəcəyik. Hələ bu klubların Antalyadan yeni oyunçularla qayıdacaqlarını da gözləyirik. Bəzi komandaların həqiqətən də güclənməyə ehtiyacı var.
ABBAS