“Benfika” Entso Fernandesə yeni müqavilə təklif edib. Lissabonlular dayaq yarımmüdafiəçisinin qışda getməməsi üçün bu addımı atmağa hazırdır.
Futbolinfo.az xəbər verir ki, dünya çempionu olduqdan sonra qiyməti xeyli yüksələn argentinalı nəhəng klubların hədəfindədir. “Çelsi”nin 127 milyon avroluq təklifindən sonra futbolçunu heyətdə saxlamaq xeyli çətinləşib. Entsonun özünə də yüksək maaş təklif edildiyindən, futbolçu İngiltərəyə köçmək üçün həvəslənib.
“Benfika” isə oyunçunu heyətdə saxlayıb yayda daha baha qiymətə satmağa çalışır. Bu səbəbdən klub rəhbərliyi ona yeni anlaşma təklif edib. Yeni müqaviləyə xüsusi sərbəstqalma bəndi qoyacaq klub futbolçunun maaşını da artırmaq niyyətindədir. Portuqaliya klubunun prezidenti Ruy Koşta həftə içində futbolçu ilə bu barədə danışacaq.
21 yaşlı Fernandesin “Benfika” ilə 2027-ci ilin iyununa kimi anlaşması var. Futbolçu razılıq versə, bu müddət daha 1-2 il artırılacaq.