“Qarabağ” mövsümün ikinci yarısı üçün hazırlıqlara başladı. Türkiyəyə yollanan ağdamlılar təlim-məşq toplanışını qardaş ölkədə keçirəcək.

Futbolinfo.az xəbər verir ki, ölkə çempionu transfer çalışmalarına da start verib. Kadi Borgesi “Krasnodar”a satan “Qarabağ” əldə olunan vəsaitin böyük hissəsini yeni oyunçuların alışına sərf edəcək. Büdcəyə daxil olacaq 5 milyon avronu komandanın güclənməsi üçün ayıran klub rəhbərliyi seçimi məşqçilər korpusunun ixtiyarına buraxıb.

“Qarabağ” artıq bir neçə ciddi transfer üçün əməli fəaliyyətə başlayıb. Adlar bəlli olmasa da, danışıq aparılan futbolçuların olduğu dəqiqdir. Əldə etdiyimiz məlumata görə, klub transferi milyon avro ilə ölçülən oyunçuların keçidini götür-qoy edir. Həm Kadinin mövqeyinə yeni oyunçu axtarılır, həm də səviyyəli hücumçu alınması planlaşdırılır.

“Qarabağ” həm də transferləri imkan daxilində tez reallaşdırmaq istəyir. Yeni oyunçuların Konfrans Liqasında “Gent”lə fevralın 16 və 23-də baş tutacaq matçlaradək heyətə uyğunlaşması üçün bu, vacibdir.

Shares: