Joao Feliks “Atletiko”nun məşqlərinə qatılmaqdan imtina edib. İsrarla klubunu dəyişmək istəyən portuqaliyalı ulduz, yeni ildən madridlilərin hazırlıqlarından kənar qalıb.

Futbolinfo.az xəbər verir ki, baş məşqçi Dieqo Simeone ilə anlaşmağı bacarmayan hücumçu İngiltərəyə köçməkdə qərarlıdır. Klub rəhbərliyi onu satmağa hazır olduğunu açıqlayıb. Futbolçu son çempionat matçında komandasının ən yaxşısı olmaqla Premyer Liqa təmsilçilərini keçidə bir qədər də həvəsləndirib.

Amma əsas müştəri olan “Çelsi” Entso Fernandesin transferini həll etməyə kökləndiyindən, Feliksin alışı ilə bir o qədər maraqlanmır. Menecerləri “Arsenal”la təmasa keçsə də, “Atletiko”nun 120-130 milyon avroluq transfer tələbi onların işinə yaramır.

Real alıcıların yüksək qiymət səbəbindən geri çəkilməsi “Atletiko”nu icarə variantını düşünməyə vadar edib. “Mançester Yunayted” Joaonu icarəyə götürmək üçün 4 milyon avro ödəməyə hazırdır. Madridlilər bu varianta razıdır, amma ingilislərin təklif etdiyi məbləğin 3 qatını tələb edirlər.

Beləcə Feliksin bütün müştəriləri “Atletiko”nun həddindən artıq yüksək tələbi üzündən gözləmə mövqeyinə çəkilib. Futbolçu isə qəfil zədə riskindən qaçmaq üçün məşqləri boykot etməklə klubunun güzəştə getməsinə və yanvarda onu satmağa razı olmasına çalışır.

Shares: