Son vaxtlar sosial şəbəkələrdə futbol həvəskarları bir problemdən çox şikayətlənir: futbol əvvəlki kimi təmiz deyil, oyunların taleyi bukmeyker kontorlarında həll olunur. Təbii ki, bu fikir tam olaraq həqiqəti əks etdirmir. Yəni dünya futbolunda hər oyuna “danışılmış” damğası vurmaq olmaz.
Bəli, müasir futbol biznesin quluna çevrilib, böyük pullar bu idman növünə ciddi müdaxilə etməkdədir. Nə qədər qəribə səslənsə də, müasir futbolçular milyonları olan kölədir, milyonçu qullara isə milyarder quldarlar rəhbərlik edir. Amma ölkələrə görə vəziyyət dəyişir, böyük pullar futbol adlı gülün ətrini alsa da, özünü məhv edə bilməyib. Bu gülün özünü yalnız danışılmış oyunlar məhv edə bilər.
Əslində, oyunların nəticələrinin manipulyasiya edilməsi kontorlar cəmiyyət arasında nüfuz etməzdən əvvəl də var idi. Belə baxanda, SSRİ-də futbol çempionatı keçiriləndə insanlar bukmeyker kontorlarının nə demək olduğunu bilmirdi. Amma onda da hər oyun təmiz keçmirdi. Komandalar pul məqsədilə olmasa da, bir-birinə kömək etmək mənasında aralarındakı oyunların nəticələrini razılaşdırırdılar. Dəfələrlə Kiyev “Dinamo”su ilə “Neftçi” arasında belə anlaşmaların əldə edildiyini eşitmişik. Əldə heç bir sübut olmasa da, odun olmadığı yerdən tüstünün çıxmadığını bilirik.
Amma yenə də sırf idman prinsipilərinə görə saxtakarlığa getməyi haradasa anlamaq olar. Amma pul qazanasan deyə nəticəyə müdaxilə etmək futbola xəyanətdir. Doğrudur, bukmeyker kontorları bunda maraqlı deyil. Amma onların yaratdığı şəraitdən istifadə edənlər sağlam biznesi də kölgə altına alır. Nəticədə belə dələduzlara görə kontorların təmizliyini də şübhə altına alırlar. Onların iddiasına görə, kontorlar klub sahibləri ilə razılaşaraq nəticəni saxtalaşdırır və “yüklənmədən” istifadə edib gəlir əldə edirlər.
Halbuki hara fırladırsan fırlat, kontorlar uduzmur, qazanır! Belə olan halda, bu çirkinliyə getməyin mənası qalmır. Çirkinliyə gedənlər isə klub funksionerləri və futbolçular, bəzən də hakimlər olur. Bu isə kontorlara, yarış təşkilatçılarına və azarkeşlərə zərbə vurur. Kontorlar pul, təşkilatçılar etibar, azarkeşlər isə maraq itirir. Bir sözlə, bir güllə ilə 3 hədəf vurulur.
Bu yazıda nişançılardan danışacağıq. Dünya futbolunda və bizdə vəziyyət necədir? Bununla mübarizə aparmaq olarmı?
Əslində, istənilən cinayətlə mübarizə aparmaq mümkündür, amma onu tam olaraq aradan qaldırmaq mümkün deyil. Alt paleolit dövründən etibarən insanlar eyni cinayətləri edir və bu proses həmişə də davam edəcək. Oğruluq, qarət və qətlin kökünü heç bir cəza növü kəsə bilmir. Nə nəsihət, nə maarifləndirmə tam olaraq o effekti vermir. Müəyyən ölkələrdə cinayətin faizi aşağı ola bilər. Amma onların sayını 0-a endirmək mümkün deyil. Ölkələr üzrə cəza mexanizmləri də fərqlidir. Cəzalara görə cinayətlərin faizi də dəyişir. Necə deyərlər, min fikir bir borcu ödəmirsə, min cəza üsulu da bir cinayəti yığışdıra bilmir.
Oyunların nəticələrinin manipulyasiya edilməsi ilə bağlı ölkələr üzrə vəziyyət fərqlidir. Məsələn, İngiltərə Premyer Liqasında belə halın yaşanması ilə bağlı ortalıqda bir nümunə belə yoxdur. Amma Avropanın şərqinə doğru irəliləməli olsaq, quraqlıqdan bataqlığa doğru addımlaya bilərik. Məsələn, adı dillərdə əzbər olan Rumıniya çempionatı haqda o qədər belə qarmaqarışıq məlumatlar ortaya çıxar ki…
Azərbaycana gəlincə, bizim çempionatımız da heç vaxt süddən çıxan ağ qaşıq olmayıb. Əksinə, elə dövrlər olub ki, çirkabın içində qaşığın belə rəngi dəyişib. Doğrudur, hazırda Premyer Liqa ilə bağlı vəziyyət qənaətbəxşdir. Yəni, müxtəlif kontorlarda Azərbaycan Premyer Liqasının oyunları üçün əmsallar açıqlanırsa, vəziyyət heç də pis deyil. Amma ölkədaxili kontorlar Premyer Liqa oyunlarını “təkli kateqoriya”ya daxil etmirsə, deməli, hər şeyi ideal saya bilmərik.
Əslində, Premyer Liqada çıxış edən əksər komandaların oyunçuları normal məvacib aldığından, onların belə çirkinliyə getməyə ehtiyacı yoxdur. Düzdür, artıq qazanc ziyan deyil. Amma o “artığ”a görə heç kim karyerasını zibil yeşiyinə atmağa risk etməz. Hər halda, Azərbaycan Premyer Liqasında oynayarkən Nizami Hacıyev və Mirhüseyn Seyidov kimi oyunçuların bu məsələdə başlarının ağrıdığını, ömürlük diskvalifikaiya olunduğunu nəzərə almaq lazımdır. Əminəm ki, bu fakt çempionatımızın oyunçularının başının üzərində “Domokl qılıncı” kimi asılıb.
Amma ölkədaxili kontorların Azərbaycan çempionatı üçün əmsallarına nəzər salmalı olsaq, burada əmsallarla bağlı müəyyən kasadlığın olduğunu görərik. Yəni, Avropanın aparıcı çempionatları ilə müqayisədə bizdə bu mənada axsama var. Məsələn, La Liqada hansısa bir komandanın bir oyunda 2 qol vuracağına və ya 3 top buraxmayacağına seçim etmək mümkündürsə, Azərbaycan Premyer Liqası üçün bu variantlar yoxdur. Bu da təbii ki, inamsızlıqdan irəli gəlir.
Hər nə olmasa da, Premyer Liqamızla bağlı UEFA-dan şikayətlər almırıq. Ancaq Azərbaycan I Divizionunda vəziyyət acınacaqlıdır. Dəfələrlə UEFA tərəfindən AFFA-ya məktublar gəlib və oyunların nəticələrinin manipulaysiya edilməsi ilə bağlı sənədlər və sübutlar ortalığa qoyulub. Hətta müəyyən dövrlərdə dəstə ilə oyunçu futboldan ömürlük diskvalifikasiya olunub.
Bir müddət vəziyyət sabitləşsə də, son vaxtlar yenidən UEFA-dan gələn siqnallar çoxalıb. Bunu AFFA rəhbərliyi də etiraf edir, araşdırılma aparıldığını, yekun nəticə barədə məlumat veriləcəyini deyirlər. Belə olmasaydı, ölkədaxili kontorlar I Divizionun oyunları üçün əmsalları açıqlayardı. Öz içimizdən özümüzə inam yoxdursa, deməli, hər an UEFA tərəfindən xəbərdarlıq gözləməyə dəyər.
Bəs, bunun qarşısını necə almaq lazımdır? Azərbaycan reallığına keçməmişdən əvvəl dünyada bukmeyker dələduzları ilə mübarizə aparmağın yollarına nəzər salaq.
Kiçik araşdırma apardıq və məlum oldu ki, ölkələr üzrə konkret olaraq ayrıca mübarizə metodları yoxdur. Yəni, Gürcüstan bir, Türkiyə başqa cür və ya İtaliya tam fərqli strategiya ilə mübarizə aparmır. Doğrudur, ifşaolunma və ya cəzanın növləri ilə bağlı fərqlilik müşahidə olunur. Məsələn, İtaliyada “kolçopoli” ilə Türkiyədə “şike” haqq-hesabları mahiyyət olaraq eyni olsa da, cəzalanadırma prosesləri fərqli oldu. İtaliyada “Yuventus”u B Seriyasına göndərdilərsə, Türkiyədə “Fənərbaxça”nı federasiya yox, UEFA cəzalandırdı. Doğrudur, deyə bilərsiniz ki, nə “Yuventus”, nə də “Fənərbaxça” bukmeyker kontarlarının vəsaitinə göz dikdiyinə görə bu cəzaya layiq görülmədi. Amma söhbət nəticələrin manipulyasiyasından gedirsə, bütün bunlar mahiyyət olaraq eyni şeydir.
Belə hallarla mübarizə aparmaq üçün UEFA konkret olaraq federasiyalarla əməkdaşlıq edir və federasiyalar da hüquq-mühafizə orqanları ilə işbirliyi qurur. Amma prosedur qaydaları və izlənmə metodları ictimaiyyətə açıqlanmır. “İstintaq sirri” anlayışı var və bu, hər sahədə belədir. İctimaiyyətə açıqlanan federasiya rəsmilərinin klublarla müntəzəm görüşlər keçirməsi ilə bağlı xəbərlərdir. Yəqin ki, tez-tez mətbuatda səlahiyyətli şəxslərin klubların oyunçuları ilə tövsiyə xarakterli görüşlər keçirdiyini mətbuatda izləyirsiniz.
Amma gəlin qəbul edək ki, oxuduqları “Quran” ayəsi olsa da, acqarına quru avaz da işə yaramayacaq. Çünki Birinci Divizionda çıxış edən futbolçuların qazancı normal dolanmağa kifayət etmir. Hətta divizion klublarının əksəriyyətinin Premyer Liqa təmsilçilərinin əvəzedici komandası olması belə təhlükəni azaltmır. Yerdə qalan komandaların büdcəsi də məhduddur. “Təmiz futbol” oynamaq üçün stimul olmayanda ortaya çirkinliklərin çıxması gözləniləndir.
Əslində, divizion komandalarının Premyer Liqaya vəsiqə qazanmaq üçün kriteriyalara cavab verə bilməməsi də elə məhz bu maliyyə məsələsi ilə əlaqədardır. Klub kasıbdırsa, deməli, oyunçusuna az maaş verir, az maaş verirsə, deməli, hər an əyri yola düşmək üçün “şərait yaranır”.
Elə I Diviziondakı tətbiq olunan limit də “əliəyriliy”ə yol aça bilər. Təsadaüfi deyil ki, meydana çıxan 11 futbolçudan 5-nin təvəllüd tarixi 2002-ci ili keçməməlidir. Bu problem həll olunmayana qədər, tövsiyələr də formal xarakter daşıyacaq. Adi həyatda pulsuzluq və işsizlik insanların necə oğurluğa və qarətçiliyə meyl salmasına səbəb olursa, bu, futbolda da belədir. Divizion klublarında gənclərin çoxluğu isə problemi daha da böyüdür – gələcək nəsillər qeyri-sağlam mühitdə yetişib formalaşır.
Yeri gəlmişkən…
Qətərdə keçirilən mundialdan əvvəl FİFA İsveçrənin bu məsələlər üzrə ixtisaslaşan “Sportradar” şirkəti ilə müqavilə imzaladı. Razılaşmaya əsasən, dünya çempionatında oynayan futbolçuların oyunların nəticələrini mümkün manipulyasiya etməsi təhlükəsini aradan qaldırmaq üçün şirkət vəziyyəti nəzarəti altına götürməli idi. Hər halda, Dünya Çempionatından əvvəl oyunlara 160 milyard dollardan çox pul yatırılması gözlənilirdi.
“Cinayət işləri”…
• 2016-cı ildə CAR – Seneqal oyununu idarə edən qanalı hakim Cozef Lempti qonaqların müdafiəçisi Kalidu Kulibalinin ayağına dəyən topu əllə oyun kimi dəyərləndirərək penalti təyin etmişdi və nəticədə cənublular bu penaltinin gətirdiyi qol nəticəsində 2:1 hesabıyla qalib gəlmişdi. Bir neçə gündən sonra məlum oldu ki, həmin oyunda CAR-ın qələbəsinə şübhəli “yüklənmələr” olub. Araşdırmalar nəticəsində Lemptinin bu “yükləməyə” xidmət etdiyi aşkarlanıb. Nəticədə qanalı hakim ömürlük futboldan kənarlaşdırılıb.
• 2005-ci ildə Almaniya Kubokunda Robert Hoyzer adlı hakim “Hamburq”la oyunda “Padeborn”un qapısına iki qərəzli penalti təyin edib. Sonradan məlum olub ki, Hoyzer Xorvatiya pablarından birinin sahibi olan Ante Sapindən 67000 dollar pul alıb. Hoyzer idarə etdiyi oyunların nəticələrini həmin şəxsə görə saxtalaşdırmalı idi. Özü də nə az, nə çox, 10 belə oyun! Buna görə də Hoyzer 2,5 il müddətinə həbs olunur.
• 2005-ci ildə Avstriyada 15 nəfər regional liqaların 15 oyununun nəticəsinə müdaxilə edir. Maraqlıdır ki, onların arasında həm futbolçu, həm klub rəsmiləri, həm də kontor əməkdaşları olur. Nəticədə onların hamısı həbs edilir.
ABBAS