İngiltərə Premyer Liqasında çətin günlər yaşayan “Everton” baş məşqçi Frenk Lempardla yollarını ayırmağı planlaşdırır.

Futbolinfo.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 19-cu turda “Brayton”a 1:4 hesablı məğlubiyyət klub rəhbərliyinin fikrini qətiləşdirib. Yaxın günlərdə 44 yaşlı mütəxəssislə yollar ayrılacaq.

“Everton”da Lempardı kimin əvəzləyəcəyi artıq müəyyənləşib. Hazırda ABŞ-nin “Di Si Yunayted” komandasına rəhbərlik edən və mersesaydlıların yetirməsi olan Ueyn Runi baş məşqçi vəzifəsinə təyin olunacaq.

Diqqətçəkən məqam isə Lempardla Runi arasındakı münasibətdir. Bir vaxtlar İngiltərə millisində çiyin-çiyinə çıxış edən keçmiş futbolçular bir-birlərinə böyük rəğbət bəsləyirlər. Hətta Lempard “Everton”a baş məşqçi təyin olunmazdan əvvəl bu post Runiyə təklif edilmişdi. Sabiq hücumçu çalışdığı “Derbi Kaunti”ni çətin vəziyyətdə tərk etməyəcəyini bildirmiş, namizəd kimi isə Lempardı təqdim etmişdi.

Hesabında 15 xal olan “Everton” İngiltərə Premyer Liqasında turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

Shares: