“Neftçi” susqunluğa son qoydu. Paytaxt klubu qış fasiləsində ilk transferini reallaşdırdı.

Futbolinfo.az xəbər verir ki, “ağ-qaralar” millimizin milliləşdirilən üzvü Höccət Haqverdini heyətinə qatdı. Klub tezliklə bu barədə rəsmi açıqlama verəcək.

Farsəsilli oyunçu ilə 1,5 illik müqavilə imzalanıb. O, heyətdən uzaqlaşdırılan Mamadu Mbodjun əvəzinə transfer edilib. Mərkəzdə Solomon Kvirkveliya və Voislav Stankoviçlə rəqabət aparacaq müdafiəçi milli komandada sağ cinahda oynamaq bacarığını da göstərib. Həm universallığını, həm də yerli oyunçu statusu daşıdığını nəzərə alsaq, Höccətin transferini uğurlu saymaq olar.

Höccət son mövsümü “Traktor”da keçirib. “Sumqayıt”ın 2021-ci ildə “Paykan”dan ayrıldıqdan sonra azad agent kimi heyətinə qatdığı oyunçu, Təbriz təmsilçisində icarədə olub.

29 yaşlı müdafiəçinin “kimyaçılar la müqaviləsi davam edirdi. “Neftçi” 100 min dollar tələb edən “Sumqayıt”a pul ödədiyi, yoxsa oyunçunu azad agent kimi heyətinə qatdığı açıqlanmır.

hoccet haqverdi - Futbolinfo.az

Xatırladaq ki, artıq məşhur “Transfermarkt” portalı da Haqverdini “Neftçi”nin oyunçusu kimi göstərir.

Shares: