Kadi Borgesin “Krasnodar”a gedişi “Qarabağ”ın Avropa Konfrans Liqasında “Gent”lə oyunlarda işini çətinə salacaq. İndi hansı futbol həvəskarını dinləndirsən, təxminən bu fikri səsləndirəcək.

Təbii ki, Kadi olmayanda da “Qarabağ” güclü idi. Amma braziliyalı futbolçu qısa zaman kəsiyində elə aparıcı oyunçuya çevrildi ki, oyunun yoxluğunu təsəvvür etmək adama bir qədər qəribə görünür. Təşvişə düşürsən ki, bu boşluğu kim dolduracaq? İndi ürəyi “Qarabağ”la döyünən hər bir futbol fanatını yalnız bu sual düşündürür.

Mətbuatda müxtəlif adlar səslənir, müxtəlif versiyalar müzakirə olunur. Təbii ki, bunların arasında şaiyələr də yetərincədir. Bəzilər Mahir Emrelini “Qarabağ”a “qaytarır”, bəziləri “Tondela”nın cinah hücumçusu Telmo Arkanjonun “köhlən atlar”ın sırasına qoşulacağını iddia edir. Daha bir versiya yayda “Qarabağ”ı Fransanın birinci divizion təmsilçisi olan “Sent-Etyen”ə dəyişən İbrahima Vadjinin icarə əsasında Ağdam klubuna keçəcəyindən ibarətdir. Doğrudur, klub rəsmi olaraq bu adlarla bağlı heç bir açıqlama vermir. Bəlkə də qəfil elə bir oyunçunu transfer edəcəklər ki, onun adı mətbuatda çəkilməyib.

Vadjinin “Sent Etyen”dən ayrıla biləcəyini və ya “Qarabağ”a qayıda biləcəyini də əsasən Fransa mətbuatından öyrənirik. PSJ kimi 10 dəfə Fransa çempionu olmaqla bu göstəricidə ölkə rekorduna sahib olan bir komandanın hazırda Liqa 2-də sonuncu pillədə qərarlaşması fransızlar üçün nə dərəcədə ürək ağrıdan göstəricidirsə, Vadjinin bura qayıdışı da bir o qədər bizim üçün sarsıdıcıdır. Hər halda, 1,6 milyon avroya Fransa klubuna üz tutub orada ümidləri doğrultmamaq heç də “Qarabağ” adına xoş göstərici deyil.

Təbii ki, burada “Qarabağ”ın günahı yoxdur. Heç “Sent-Etyen”in “qara günlər”i yaşamasında seneqallı hücumçu da müqəssir deyil. Problem satdığın oyunçunun başıaşağı geri qayıtmasıdır. Nəzərə alaq ki, o da itirdiyinin yerini əvəzləmək üçün qayıdır. Hələ o başqa dərddir ki, Vadji Kadinin mövqeyində oynamır. Daha bir dərd Vadji burada oynayarkən, bəzən xeyli qol epizodları qaçırmasına görə azarkeşlər tərəfindən tənqid olunmasıdır. Bir “Qarabağ” azarkeşi üçün Vadji heç vaxt Borges qədər əziz olmayıb. Hərçənd İbrahima bu mövsüm Çempionlar Liqasının təsnifat mərhələlərində özünü yaxşı tərəfdən göstərə bilmişdi.

Bəs, Vadji “Qarabağ”a qayıtsa, bu, Ağdam klubuna nə verəcək? Təbii ki, bunu zaman göstərəcək. Əslində, sualı belə qoymaq lazımdır: “Qarabağ” göndərdiyi oyunçunu həmin vəziyyətdə götürə biləcəkmi?

Seneqallı hücumçunun Fransa klubundakı statistikasına baxsaq, vəziyyətin o qədər də ürəkaçan olmadığını görərik. Məsələ ondadır ki, 27 yaşlı hücumçu bu mövsüm “yaşıllar”ın heyətində 11 oyun keçirib və 3 qol vurub. Bir qədər də təfsilata varmalı olsaq, İbrahima 9 oyunda start heyətində meydana çıxıb, bunların ikisində əvəzlənib, digər iki oyunda isə meydana sonradan daxil olub. 2 oyunda da Vadji 90 dəqiqəni ehtiyat oyunçular skamyasında izləyib.

Ümumilikdə, sabiq “Qarabağ”lı 834 dəqiqə meydanda olub. Vadji bu mövsüm “Bordo” ilə evdə,  “Amyen” və “Mets”lə səfər oyunlarında qol vurub. Maraqlıdır ki, Vadjinin qol vurduğu “Bordo” və “Amyen”lə oyunlarda “Sent-Etyen” quru hesabla qalib gəlib. “Bordo” ilə oyun 2:0 hesabı başa çatıbsa, “Amyen” məhz Vadjinin vurduğu yeganə qolla məğlub ediblər. “Mets”lə görüşdə isə seneqallılnın əziyyəti bəhrə verməyib – 2:3.

Yeri gəlmişkən, Vadji bu mövsüm meydanda olduğu oyunlarda məhsuldar ötürmə ilə də yadda qalmayıb, 2 dəfə isə qarşısında sarı vərəqə görüb. İndiki vəziyyətdə Vadji “Sent-Etyen”in ikinci ən məhsuldar oyunçusudur. Hazırda komandanın bombardiri 8 qolla kot d`ivuarlı Jan-Filipp Krassodur. Hərçənd nə Krasso, nə də Vadji “Sent-Etyen”i böhrandan çıxara bilmir. 17 turdan sonra 3 qələbə, 6 heç-heçə və 8 məğlubiyyətlə turnir cədvəlində sonuncu pillədə olan Vadjinin komandası son 6 oyunda da qələbə üzünə həsrət qalıb.  Son 4 oyunda haqqında danışdığımız futbolçu qol vura bilmir.

Bu da seneqallı futbolçunun qısa “Sent-Etyen” macərası. Klub ikinci ən məhsuldar oyunçusunu “Qarabağ”a icarəyə verəcəksə, deməli, onun yerinə kimisə gətirəcək. Yox, belə bir variant yoxdursa, çətin ki, onu icarəyə versin. Bizə isə gözləmək qalır.

Doğrusu, bu Vadjini gözləməkdənsə, daha yaxşı variant haqqında fikirləşmək lazımdır. Ən yaxşı variant isə Kadinin mövqeyində oynayacaq cinah hücumçusu tapmaqdır…

FƏRİD

Shares: