“Qarabağ” daha bir legionerini itirə bilər. Amma ağdamlılar bu itkiyə daha çox sevinməlidir.

Futbolinfo.az xəbər verir ki, Ağdam klubunun ispan yarımmüdafiəçisi Qaspar Panadero İspaniya Sequnda təmsilçisi “Luqo” ilə danışıqlar aparır. Transfer baş tutarsa, “Qarabağ” ona görə təzminat almayacaq. Əks halda, yarımmüdafiəçi Bakıya dönüb əvəzedici heyətin məşqçlərinə qatılacaq.

“Qarabağ”ın 2021-ci ilin avqustunda “Kadis”dən gətirdiyi Panadero ötən müddətdə komandaya xeyir verə bilməyib. Ardıcıl zədələr üzündən heyətə düşə bilməyən oyunçu, sonradan əsas komandaya yüksələ bilmədi. Ağdamlılar yüksək ödənişli futbolçunu ötən ilin ilk 6 ayında Larnaka AEK-inə icarəyə göndərsə də, futbolçu orada da ümidi doğrultmadı.

“Atlılar” artıq yükə çevrilən 25 yaşlı futbolçuya özünə klub tapması üçün şərait yaradıb. Onu istəyən futbolçuya azad agent kimi sahib çıxacaq. “Qarabağ” heç bir ödəniş tələb etmir, sadəcə, müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib faydasız oyunçuya ödədiyi havayı maaş yükündən qurtulmağa çalışır.

Shares: