“Neftçi”nin paraqvaylı futbolçusu Sezar Meza Kolli uzunmüddətli zədədən sonra komanda ilə məşqlərə başlayıb.

Futbolinfo.az xəbər verir ki, “ağ-qaralar”ın Türkiyədəki təlim-məşq toplanışına qatılan 32 yaşlı yarımmüdafiəçi bununla bağlı klubun televiziyasına açıqlama verib.

Təcrübəli futbolçu ölkəsindəki bərpa dönəminin onun üçün çətin keçdiyini söyləyib: “Amma bunlar artıq geridə qaldı. Hazırda özümü yaxşı hiss edirəm, kollektivlə birlikdə olduğum üçün xoşbəxtəm. “Neftçi”nin uğurlarına töhfə vermək üçün əlimdən gələni edəcəyəm. “Neftçi”nin, demək olar ki, bütün oyunlarını izləyirdim. Kənardan baxmaq bir az çətin idi. Amma heyətə düşəcəyimə inanmasaydım, indi burada olmazdım”.

Yanvarın 20-dək Antalyada təlim-məşq toplanışında olacaq “Neftçi” 4 yoxlama görüşündə qüvvəsini sınayacaq.

Xatırladaq ki, “Neftçi”nin Türkiyədəki yay təlim-məşq toplanışı zamanı zədələnən Sezar Meza Kolli iyulda Paraqvaya yollanaraq orada dizindən əməliyyat olunmuşdu.

Shares: