Heyətini gücləndirməyə çalışan “Səbail” hələ də real addım atmayıb. “Dənizçilər” öncə heyəti təmizləməklə məşğuldur.

Futbolinfo.az xəbər verir ki, komandanın yeni baş məşqçisi Şahin Diniyev Fakundo Kardozonu sərəncamında görmək istəmir. Sabiq çalışdırıcı Mahmud Qurbanovun da xidmətindən imtina etməyə hazırlaşdığı argentinalı hazırda klub axtarır.

27 yaşlı mərkəz müdafiəçisi klubdan ayrılmağa razılıq verib. Fakuno özünə yeni iş yeri tapan kimi “Səbail”lə müqaviləyə qarşılıqlı razılıqla xitam verəcək. Adil Nağıyevin “Şamaxı”dan icarədən geri qaytarılması da məhz buna hesablanmışdı. Daha yaxşı yerli müdafiəçi varkən heyətə düşməyən əcnəbini saxlamaq məqsədəuyğun sayılmayıb.

“Səbail” Mert Çelikdən də əlini tam üzməyib. “Neftçi”dən icarəyə götürülməsi planlaşdırılan müdafiəçiylə bağlı yekun qərar yoxdur. “Ağ-qaralar” edəcəyi transferlərdən asılı olaraq bu oyunçunu düşərgədə saxlayıb-saxlamayacağını dəqiqləşdirəcək.

“Səbail” hazırda əsasən cinah hücumçusu axtarışındadır. “Kəpəz” və “Neftçi”dəki çıxışından tanıdığımız Dario Federikonun Azərbaycana qayıtmaqdan imtinasından sonra diqqətlər başqa variantlara yönəlib. Lakin hələ konkret namizəd yoxdur.

Shares: