Qış fasiləsində “Şamaxı”dan icarədən qayıdan “Səbail”in müdafiəçisi Adil Nağıyevin futbolinfo.az saytına müsahibəsi
– Mövsümün əvvəlində “Şamaxı”ya birillik icarəyə verilsəniz də, qış fasiləsində müqavilə ilə məxsus olduğunuz “Səbail”ə qayıtdınız. Erkən dönüşə nə səbəb oldu?
– Şamaxıda ailəmdən uzaq düşmüşdüm. Bir az ailəmdə də problemlər var idi. Orada qala bilmirdim. “Səbail”də baş məşqçi dəyişikliyindən sonra iki tərəflə də danışdım. “Şamaxı” rəhbərliyi sağ olsun, ayrılmağıma problem yaratmadılar.
– Yəni qayıtmağınızda əsas rolu baş məşqçi dəyişikliyi oynadı?
– Əlbəttə ki, rol oynadı. Çünki Şahin Diniyev istəməsəydi, “Səbail”ə qayıda bilməzdim. Şahin müəllimlə də danışığımız oldu, məni komandasında görmək istədiyini dedi. Mən də “Şamaxı” rəhbərliyi ilə görüşdüm, ikitərəfli razılıqla müqaviləyə xitam verdik.
– Yayılan məlumata görə, vaxtından tez ayrılmağınız “Şamaxı” tərəfinin incikliyinə yol açıb.
– Məşqçilərimiz Cavid Hüseynov və Vüqar Əsgərli mənə çox kömək etdilər. Onlar məni başa düşdülər, rəhbərliklə də özləri danışdılar. Mənə bu şəraiti yaratdıqları üçün sağ olsunlar. Düşünmürəm ki, hansısa inciklik olsun.
– “Səbail”də sabiq baş məşqçi Mahmud Qurbanov sizi istəməsə də, qısa müddətdə “Şamaxı”nın liderinə çevrildiniz. Bu performansı həm də ona mesaj saymaq olar?
– Harada olmuşamsa, həmişə komanda üçün ən yaxşısını etməyə çalışmışam. Futbolda formadan düşmək və ya pik həddə çatmaq normaldır. Mən də formamı ən yaxşı şəkildə saxlamağa çalışıram. “Şamaxı”da özümü yaxşı tərəfdən göstərə bildim. Məşqçilərin dəstəyinin, inamının da bunda rolu oldu. Onların əziyyəti çox oldu. İnanıram ki, mövsümün ikinci yarısı da yaxşı alınacaq.
– Sizin də aparıcı oyunçusuna çevrildiyiniz “Şamaxı” ilk yarını gözləniləndən yaxşı keçirdisə, iddialı olması gözlənilən “Səbail” sonuncu yerdə qərarlaşdı.
– Futbolda bu kimi hallar normaldır. Bəzən yaxşı, bəzən isə pis performans göstərə bilərsən. “Səbail” sonuncu yerdə qərarlaşsa da, yaxşı komandadır. Mən “Şamaxı”da olanda birinci dövrədə cəmi 2 xal toplamışdıq. Amma ikinci dövrədə daha çox inkişaf etdik. Bu da məşqçi işinin nəticəsi idi. Başverənlər keçmişdə qalıb, indi “Səbail”dəyəm və bu komandanın uğurları üçün çalışıram.
– “Səbail”də baş məşqçi ilə yanaşı, futbolçu heyətini də sizin üçün yeni saymaq olar. Antalyadakı təlim-məşq toplanışının ilk günləri sizdə necə təəssürat yaradıb?
– Əslində, ötən ilin yayında bu futbolçularla bir yerdə toplanışda iştirak etmişdim. İndi yenidən heyətə qatılmışam. Baş məşqçinin əsas tələbi komandanın ailə kimi olmasıdır, mehribanlıqdır. Şahin müəllimin öz futbol fəlsəfəsi var ki, buna uyğun tələblərini deyir. Komandada görmək istədiklərini məşqlərdə yavaş-yavaş bizə aşılayır. Onun tapşırıqlarını ən yaxşı şəkildə yerinə yetirməyə çalışırıq. Ümid edirəm ki, bunu oyunlarda da göstərə biləcəyik və yaxşı nəticələr qazanacağıq.
– Yenidən ehtiyatda qalmaqdan, formanı itirməkdən qorxmursunuz?
– “Şamaxı”da formamı pik həddə çatdırmaq üçün məşqlərdə var gücümlə çalışırdım. Bunu matçlara da sirayət etdirmək olurdu. “Səbail”də də eyni çalışqanlığımı göstərirəm, baş məşqçinin tapşırıqlarına maksimum dərəcədə əməl etməyə xüsusi diqqət yetirirəm. Heç nədən qorxmuram, özümə güvənirəm. İnanıram ki, burada da əsas heyət oyunçularından biri olacağam. Komandam üçün ən yaxşısını etməyə hazıram.
– Yəqin ki, Premyer Liqanın bundan sonrakı dönəmi üçün əsas hədəf sonuncu yerdən qurtulmaqdır. Bəs, Azərbaycan Kubokunu qazanmaq perspektivinizi necə görürsünüz?
– Çempionatda hələ 18 oyunumuz olacaq. Bu matçlarda maksimum nəticə göstərmək, qələbələr qazanmaq istəyirik ki, turnir cədvəlində daha yuxarı pillələrə qalxaq. Sonunculuq “Səbail”in yeri deyil. Daha yüksək yerlərə qalxmaq üçün ən yaxşısını edəcəyik. Ölkə kuboku isə Konfrans Liqasına vəsiqə qazanmaq baxımından əla imkandır. Hazırda yarımfinal mərhələsindəyik, şansımız yüksəkdir. Fikrimcə, kuboku qazanacaq gücümüz var. Kubokun qalibi olacağımıza komanda şəklində inanırıq.
AĞA