Bu gün “Qəbələ”nin İdman Klubu kimi fəaliyyət göstərməsinin 10 ili tamam olur.

Futbolinfo.az xəbər verir ki, 2005-ci ildə Peşəkar Futbol Klubu kimi qeydiyyatdan keçən “qırmızı qaralar” 2013-cü il yanvarın 7-də İdman Klubuna çevrilib.

Həmin vaxtdan klubda təkcə futbol deyil, digər idman növləri üzrə bölmələr də fəaliyyətə başlayıb. “Qəbələ”də döyüş növləri – boks, taekvondo, cüdo, sambo, karate, sərbəst və yunan-Roma güləşi, kikboksinq, MMA, həmçinin atıcılıq və reqbi üzrə bölmələr mövcuddur. Bu 10 il ərzində “Qəbələ”nin idmançıları təkcə Azərbaycanda yox, beynəlxalq miqyaslı turnirlərdə, o cümlədən Olimpiya Oyunları, dünya və Avropa çempionatlarında dəfələrlə fəxri kürsüyə yüksəliblər. Klubun Qəbələ rayon bölməsindən olan idmançıları da beynəlxalq yarışlardan medallarla dönməyi bacarıblar.

2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərindəki Yay Olimpiya Oyunlarında bir gümüş və iki bürünc, Tokio-2020-də isə bir gümüş əldə olunub. “Qəbələ” idmançıları Bakı-2015 Avropa Oyunlarında 2-si qızıl olmaqla 5 medala əldə ediblər. 2017-ci ildə Bakıda təşkil olunan İslam Həmrəyliyi Oyunlarında 8-i qızıl olmaqla 19 medal qazanılıb.

“Qəbələ” İdman Klubunun atıcılıq mərkəzi böyük beynəlxalq yarışlara, o cümlədən 2014-cü ildə Dünya Kubokunun final mərhələsini, 2015-ci ildə Olimpiadaya lisenziya xarakteri daşıyan mərhələ yarışı, həmçinin bir sıra digər mötəbər turnirlərə ev sahibliyi edib.

Futbol komandalarının əsas uğurları da “Qəbələ”nin İdman Klubuna çevrildiyi vaxtdan sonra əldə olunub. “Qırmızı-qaralar” Premyer Liqada iki gümüş (2016-2017, 2017-2018), üç bürünc (2013-2014, 2014-2015, 2015-2016) medal qazanıb. Komanda 2018-19-cu illər mövsümündə ölkə kubokunun qalibi, üç dəfə (2013-2014, 2016-2017, 2017-2018) finalçısı olub.

Avrokuboklarda 2014-cü ilin yayında debüt edən komanda növbəti il Avropa Liqasının qrup mərhələsinə yüksəlib. “Qəbələ” ardıcıl iki dəfə 4 mərhələ adlayaraq qrupda oynayıb. Klubun əvəzediciləri və aşağı yaş qrupu üzrə komandaları dəfələrlə ölkə çempionu olub və yarışın mükafatçıları sırasına düşüb. 10 il ərzində onlarla futbolçu milli komandalara cəlb olunub, yığmaların toplanış və yoldaşlıq görüşləri, həmçinin kubokun final qarşılaşmaları Qəbələ şəhər stadionunda keçirilib.

Shares: