“Çelsi” ən ağır dövrlərindən birini keçirir. Qrem Potterin başçılığı altında son 10 matçda cəmi 1 qələbə görən (3 heç-heçə, 6 məğlubiyyət) londonlular, kbokda mübarizəni dayandırıb, Premyer Liqada isə 10-cu pillədədir.

Futbolinfo.az xəbər verir ki, acınacaqlı nəticələrdən sonra kreslosu laxlayan baş məşqçi açıqlama verib: “Klubun sahibləri milyarderlərdir, bu üzdən məndən çox ağıllıdırlar. Qarşılaşdığımız çətinlikləri və etmək istədiklərimizi anladıqları dəqiqdir. 4 aydır buradayam və bu müddətin yalnız 5-6 həftəsində klub futbolunun olduğunu deyə bilərik. Mundiala görə futbolçulardan çox ayrı qaldıq”.

Potter vəziyyəti aydınlatmaq üçün digər məşqçiləri nümunə göstərib: “Xosep Qvardiola heç nə qazanmadan bir il “Mançester Siti”də oldu. Mikel Arteta və Yürgen Kloppa da vaxt verildi. Açığı, bəzi səbəblərdən işlər mənim üçün fərqli keçə bilər, amma özüm üçün zaman çərçivəsi seçmirəm. Mənə hansı məsuliyyətin verildiyini bilirəm. Eyni zamanda nələr edə biləcəyimn də fərqindəyəm. Klub rəhbərliyindən, oyunçulardan, klub əməkdaşlarından tam dəstək alıram. Azarkeşlərin münasibətini də görürəm, hər zaman narazı insanlar olacaq”.

Baş məşqçi ümidlidir: “İstənilən qərara razıyam, kimsəni inandırmaq üçün burada deyiləm. İşimi görürəm və vəziyyəti dəyişəcəyimizə əminəm. 1-2 qələbə ilə hər şey yoluna düşəcək”.

Shares: