“Zirə” Türkiyəyə tam heyətlə yollanmayıb. Qəsəbə təmsilçisi legionerlərindən birini Bakıda saxlayıb.
Futbolinfo.az xəbər verir ki, baş məşqçi Rəşad Sadıqovun istəyi ilə Nemanya Andelkoviç əvəzedici heyətlə məşq edir. Əsas heyətdən uzaqlaşdırılan serb mərkəz müdafiəçisi özünə yeni komanda tapmalıdır.
Sadıqovun aparıcı oyunçularından birinə qarşı münsaibətinin belə dəyişməsinin səbəbi bilinmir. Amma məşqçi onu qış toplanışına aparmayıbsa, deməli, yolların ayrılacağı qətiləşdirilib. Andelkoviç özünə yeni komanda tapmalıdır. Əks halda, mövsümün bitiminə kimi I Divizionda çıxış edən əvəzedici komandada oynamalı olacaq.
Onsuz da oyunçu ehtiyatı zəngin olmayan, hələ də yeni transfer edə bilməyən “Zirə”nin bu addımı maraq doğurur. Nemanya etibarlı oyunu ilə seçilən legionerlərdən idi. Düzdü, zədələr son vaxtlar onun istənilən səviyyədə oynamasına mane olurdu. Lakin əsas komandadan uzaqlaşdıılmaq üçün məşqçinin mütləq ciddi səbəbləri olmalıdır.
İki il öncə qış fasiləsində “Zlatibor”dan “Zirə”yə keçən müdafiəçinin hazırkı müqaviləsi yayda başa çatacaq.
Xatırladaq ki, “Zirə” Türkiyə toplanışı çərçivəsində ilk oyununu bu gün keçirəcək. Saat 15:00-da başlayacaq oyunda rəqib Rumıniyanın “Çindia” kollektivi ilə olacaq.